Menu

TRIPP regionun güc balansını dəyişə bilər: Azərbaycanın əsas hədəfi nədir?

28.11.2026, 11:00
TRIPP regionun güc balansını dəyişə bilər: Azərbaycanın əsas hədəfi nədir?

Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması istiqamətində mühüm proseslər gedir. TRIPP layihəsi çərçivəsində dəmir yolu tikintisinin 2027-ci ildə başlanacağının açıqlanması Azərbaycan, Ermənistan və ABŞ-nin regional maraqlarını yenidən gündəmə gətirib. Ermənistanın Meğri istiqamətində hazırlıq işlərinə başlaması layihənin praktiki mərhələyə keçidi ilə bağlı gözləntiləri artırır. Azərbaycan üçün isə TRIPP yalnız tranzit marşrutu deyil, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının yaradılması, Türkiyə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi və Orta Dəhlizdə mövqelərin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, ABŞ-ın layihədə iştirakı, eləcə də Rusiya və İranın mümkün reaksiyası prosesə geosiyasi rəqabət müstəvisi də qazandırır.

Bəs TRIPP layihəsi reallaşarsa, Cənubi Qafqazda güc balansı və Azərbaycanın regional mövqeyi necə dəyişəcək?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar nəqliyyat-kommunikasiya xətlərini region dövlətlərinin iqtisadi və strateji mövqelərinə təsir edən mühüm amilə çevirib:

"Azərbaycan üçün bu prosesin əsas hədəfi ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru bağlantısının təmin edilməsi, Türkiyə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi və Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsidir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, TRIPP layihəsi ətrafında baş verən son proseslər xüsusi əhəmiyyət daşıyır. Dəmiryolu tikintisinin 2027-ci ildə başlanacağının açıqlanması regionun nəqliyyat arxitekturasında yeni mərhələnin başlanğıcı ola bilər. Ermənistanın Meğri istiqamətində hazırlıq işlərinə başlaması və ABŞ-ın AECOM şirkətinin ilkin mühəndislik araşdırmalarını təqdim etməsi layihənin praktiki mərhələyə keçdiyini göstərən mühüm hadisələrdir. Bununla yanaşı, tikintinin 2027-ci ildə başlanması maliyyələşmə, texniki layihələndirmə və hüquqi-prosedur məsələlərinin həllindən asılıdır. Deməli elan edilən tarix mühüm hədəf olsa da, layihənin tam icrasına dair qəti təminat kimi qiymətləndirilə bilməz. Azərbaycan üçün TRIPP-in əsas strateji əhəmiyyəti ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısının yaradılmasıdır. Zəngəzurdan keçəcək dəmiryolunun Horadiz–Ağbənd xətti ilə birləşdirilməsi Naxçıvanın iqtisadi inteqrasiyasını gücləndirə, Türkiyə ilə əlaqələri genişləndirə və Azərbaycanın Orta Dəhlizdə mövqeyini möhkəmləndirə bilər. Beləliklə, layihə ölkəmizin tranzit imkanlarını artırmaqla yanaşı, Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında nəqliyyat əlaqələrində rolunu genişləndirmək potensialına da malikdir".

Politoloqun sözlərinə görə, Azərbaycanın hədəfi yalnız dəmiryolu xəttinin çəkilməsi deyil. Əsas şərt Naxçıvanla bağlantının təhlükəsiz, davamlı və maneəsiz fəaliyyətidir:

"Sərhəd və gömrük prosedurları daşımaların səmərəliliyinə xidmət etməli və nəqliyyat əlaqələri siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Ona görə də, layihənin uğuru yalnız infrastrukturun qurulmasından deyil, onun fəaliyyətini təmin edəcək hüquqi və praktiki mexanizmlərdən də asılı olacaq. Ermənistan layihədə iqtisadi dividendlər, tranzit gəlirləri və xarici investisiyalar əldə etməklə yanaşı, Zəngəzur vilayətinin potensialını artırmağı və regional nəqliyyat sistemində mövqeyini gücləndirməyi hədəfləyir. Həmçinin layihəndə ABŞ-ın iştirakı isə Ermənistana Qərblə iqtisadi-siyasi əməkdaşlığı genişləndirmək imkanı verir. TRIPP-in geosiyasi əhəmiyyəti Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. ABŞ layihə vasitəsilə Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropa arasında alternativ nəqliyyat əlaqələrinin inkişafında, eləcə də Cənubi Qafqazda mövqelərinin möhkəmləndirilməsində maraqlıdır. Eyni zamanda, Rusiyanın və İranın yeni nəqliyyat arxitekturasına münasibəti layihənin gələcək siyasi mühitinə təsir göstərə bilər. Bu nöqteyi-nəzərdən yanaşdıqda, TRIPP həm iqtisadi əməkdaşlığı, həm də regionda geosiyasi təsir imkanlarını uğrunda rəqabəti özündə ehtiva edir. Nəticə etibarilə, TRIPP Azərbaycan üçün yeni tranzit imkanlarından daha geniş məna daşıyır. Layihənin əsas strateji dəyəri Naxçıvanla etibarlı bağlantının yaradılması, ölkədaxili iqtisadi-logistik inteqrasiyanın gücləndirilməsi, Türkiyə və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, Azərbaycanın beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin möhkəmləndirilməsidir. Ermənistan iqtisadi inteqrasiyanı, ABŞ isə regionda mövqelərinin güclənməsini hədəfləyir. Azərbaycanın prioriteti isə bu prosesdən milli maraqlarına uyğun nəticə əldə etməkdir. Bunun üçün nəqliyyat əlaqələrinin real fəaliyyəti, maneəsiz keçid və tərəflərin öhdəliklərinə əməl etməsi təmin olunmalıdır. Məhz bu şərtlər yerinə yetirildiyi halda TRIPP Azərbaycanın uzunmüddətli iqtisadi və geostrateji maraqlarına xidmət edən regional layihəyə çevrilə bilər.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol