Ukrayna-Belarus sərhədində yerləşən "Novaya Quta" buraxılış məntəqəsində Rusiya və Ukrayna arasında növbəti mülki şəxs mübadiləsi həyata keçirilib.
“AzPolitika” Belarusun “BelTA” informasiya agentliyinə və Rusiya dövlət televiziyasına istinadən xəbər verir ki, mübadilə nəticəsində 20 nəfər Rusiyaya, 23 nəfər isə Ukraynaya qaytarılıb. Geri dönənlərin əksəriyyəti yaşlı insanlardır.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitri Lubinets vətənə qaytarılanlardan 9-nun uşaq (onlardan biri Oleşki uşaq evinin yetkinlik yaşına çatmış sakini olmaqla) olduğunu açıqlayıb. Ən kiçik uşağın 8 yaşı var. Ombudsmanın sözlərinə görə, həmin uşaqlar işğal altındakı Xerson və Zaporojye vilayətlərində, Krımda, eləcə də Rusiya ərazisində saxlanılırdı.
“Azad Avropa/Azadlıq Radiosu”nun “Nastoyaşee Vremya” layihəsinin məlumatına görə, D.Lubinets Ukraynanın humanitar səylərinə verdiyi dəstəyə və vasitəçiliyə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkür edib. Ombudsman qeyd edib ki, Melaniya Trampın dəstəyi ilə indiyədək Ukraynaya qaytarılan uşaqların ümumi sayı 40 nəfərə çatıb.
"AzPolitika.info"


Şərhlər