"Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırma problemin əsl miqyasını göstərir".
"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa təklif olunan dəyişiklik layihəsinin müzakirəsində deyib.
Deputat məsələnin müvəqqəti tikililərdən yox, on illərlə formalaşan yaşayış massivlərindən getdiyini bildirib:
"Sorğuda iştirak edən ailələrin 33.2 faizi sənədsiz evlərdə 20 ildən artıq, daha 36.8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb. Araşdırmanın sosial mahiyyəti də çox önəmlidir. Sorğuda iştirak edənlərin 27.9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35.6 faizinin isə 400-1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəliri olan ailələrdir. Uzunmüddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq".
Komitə sədri vurğulayıb ki, sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51-150 kvadratmetr ölçüsünə malik fərdi yaşayış sahələridir:
"Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz.
2023-cü ilədək tikilən sənədsiz evlərin əksəriyyəti kommunal xidmətlərlə təmin edilib: 100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib".
Z.Oruc vurğulayıb ki, ölkədə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var:
"Sənəddə bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalıdır. Qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir. Mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, sakinlərə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır".


Şərhlər