Ermənistanda geniş istifadə olunan maye qazın qiyməti son günlərdə kəskin şəkildə artıb. 

“AzPolitika.info” yerli mətbuata istinadla xəbər verir ki, bir neçə gün əvvəl litri 120 dram olan qaz hazırda 170 drama satılır. Hökumət bu bahalaşma ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ölkənin əsas yanacaq idxalçı şirkətləri böyük həcmdə maye qazın ölkəyə daxil ola bilmədiyini və bazarda defisit təhlükəsinin yarandığını bildirirlər. Məlumata görə, təxminən 470 erməni yük maşını Gürcüstan sərhədində ilişib və onların keçidinə icazə verilmir. Hər yük maşını orta hesabla 22 ton qaz daşıyır ki, bu da 10 min tondan artıq ehtiyatın sərhəddə qaldığını göstərir.

Şirkət nümayəndələrinin sözlərinə görə, sürücülər artıq 8-9 gündür sərhəddə gözləyir. Lakin gürcü tərəfinin bu nəqliyyatı buraxacağına dair ümid yoxdur. Nəticədə bəzi sürücülər əlavə xərclərdən yayınmaq üçün maşınları sərhəddə qoyaraq ölkəyə qayıdırlar.

Problemin səbəbi hələlik məlum deyil. İdxalçılar bildirirlər ki, əvvəlki illərdə müəyyən texniki və hava şəraitinə bağlı çətinliklər yaşansa da, belə kütləvi bloklanma ilk dəfədir baş verir.

Ermənistan İqtisadiyyat Nazirliyindən məsələyə dair sorğulara cavab verilməyib. Nazirliyə aşağıdakı suallar ünvanlanıb:

-Hazırda ölkədə yanacaq qıtlığı müşahidə olunurmu?

-Sərhəddə neçə yük maşını gözləyir?

İqtisadiyyat naziri Gevorq Papoyan yalnız şəxsi “Facebook” səhifəsində 11–13 iyul tarixlərində 99 qazla dolu yük maşınının ölkəyə daxil olduğunu qeyd edib. Lakin idxalçılar hazırda yüzlərlə maşının növbədə olduğunu bildirir, bu da vəziyyətin daha ciddi olduğunu göstərir.

Siyasi müşahidəçilər yaranmış durumu texniki problem deyil, geosiyasi təzyiqin bir forması kimi qiymətləndirirlər. Ermənistanın KTMT ilə əlaqələrini dondurması, Avropa İttifaqı və Fransa ilə təhlükəsizlik sahəsində yaxınlaşması, Kremlə bağlı oliqarxlara qarşı sərt tədbirlər görməsi Rusiya ilə münasibətləri gərginləşdirib.

Bu kontekstdə Rusiya tərəfindən Ermənistana qarşı iqtisadi təzyiqlərin artırıldığı ehtimal olunur. Xatırladaq ki, daha əvvəl də Moskva erməni konyakı, çiçəkləri və süd məhsullarını müxtəlif bəhanələrlə idxaldan yayındıraraq Ermənistan iqtisadiyyatına dolayı zərbələr endirmişdi.

İndi isə strateji əhəmiyyət daşıyan maye qazın logistikası ləngidilir. Rusiya bu dəfə Gürcüstan ərazisindən keçən nəqliyyat dəhlizinə təsir göstərərək, birbaşa deyil, vasitəçi şirkətlər və texniki əngəllər yolu ilə təzyiq göstərir.

Müşahidəçilərə görə, bu cür təzyiqlərin məqsədi Ermənistanı Qərbə inteqrasiya siyasətindən çəkindirmək, Moskvanın təsir dairəsinə qayıtmağa məcbur etmək və daxili narazılığı artırmaqla Paşinyan hakimiyyətini zəiflətmək ola bilər. Eyni zamanda, bu böhran Ermənistanın ticarət və logistika sahəsindəki struktur asılılıqlarını da üzə çıxarır.

Rasim Əliyev
AzPolitika.info