Almaniya hökuməti dördüncü nəsil çoxməqsədli döyüş təyyarələri olan 40 ədəd “Eurofighter Typhoon”un Türkiyəyə ixracına icazə verib.

"AzPolitika" xəbər verie ki, bu barədə Almaniyanın nüfuzlu “Spiegel” nəşri məlumat yayıb.

Məlumata görə, Türkiyə 2023-cü ilin yazında Böyük Britaniyanın müdafiə sənayesi nəhəngi “BAE Systems”in Almaniya və İtaliya şirkətləri ilə birgə istehsal etdiyi bu müasir qırıcıların tədarükü ilə bağlı rəsmi müraciət etmişdi. Lakin həmin dövrdə Almaniya kansleri Olaf Şolzun rəhbərlik etdiyi hökumət bu hərbi alqı-satqıya razılıq verməmişdi.

Uzun müddət davam edən diplomatik müzakirələrdən sonra Almaniya Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Federal Təhlükəsizlik Şurası bu yaxınlarda qapalı formatda iclas keçirib və nəticədə təyyarələrin Türkiyəyə tədarükünə müsbət rəy verilib.

“Spiegel” yazır ki, bu qərarın verilməsində əsas rol Böyük Britaniyanın yeni baş naziri Kir Starmerin Almaniya kansleri Fridrix Merzlə keçirdiyi son görüşdən sonra artan siyasi təzyiqlər olub. Məlumata əsasən, London tərəfi Berlinə bu satışın NATO müttəfiqləri arasında hərbi əməkdaşlıq baxımından strateji əhəmiyyətini xatırladaraq, razılığın zəruriliyini vurğulayıb.

Qərarın verilməsindən sonra Almaniya rəsmi şəkildə Türkiyə, Böyük Britaniya və Yunanıstan hökumətlərini məlumatlandırıb. Ankara isə öz növbəsində Berlinə və NATO tərəfdaşlarına qırıcıların yalnız Alyans çərçivəsində keçiriləcək hərbi əməliyyatlarda istifadə olunacağını, NATO üzvü olan digər ölkələrə qarşı yönəlməyəcəyini rəsmi şəkildə təmin edib.

Dördüncü nəsil “Eurofighter Typhoon” təyyarələrinin alınmasını nəzərdə tutan bu hərbi müqavilənin ümumi dəyəri təxminən 4,75 milyard avro məbləğində qiymətləndirilir. Bu, son illərdə Avropanın hərbi sənaye sahəsində bağlanan ən iri müdafiə müqavilələrindən biri hesab olunur.

Müqavilənin təsdiqi Türkiyə ilə NATO-nun aparıcı üzvləri arasında hərbi-siyasi əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir və regional təhlükəsizlik arxitekturasında yeni tarazlıqların yaranmasına səbəb ola bilər.

Elman

"AzPolitika.info"