Belarusun Prezidenti Aleksandr Lukaşenko, ölkəyə 1994-cü ildən rəhbərlik edən dövlət başçısı olaraq, yeni prezidentlik müddətinə namizəd olmağı planlaşdırmadığını açıqlayıb. O, həmçinin kiçik oğlu Nikolayın prezident olacağı barədə yayılan şayiələri də təkzib edib.
ABŞ-də nəşr olunan “Time” jurnalına verdiyi müsahibədə 70 yaşlı Lukaşenko bildirib ki, artıq yenidən seçkilərdə iştirak etməyi düşünmür: “Xeyr, mən artıq planlaşdırmıram, artıq yox”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin qışında keçirilən seçkilərdə də namizəd olmaq istəməyib, lakin “xain” və ya “qaçmaq istəyən” kimi görünməmək üçün buna məcbur olub.
Lukaşenko 20 yaşlı oğlu Nikolayın gələcəkdə dövlət başçısı olacağı barədə suallara isə qəti cavab verib. “Xeyr, o, varis deyil... Bu sual onu incidə bilər”, – deyə Lukaşenko qeyd edib.
Dövlət başçısı özündən sonra ölkəyə başqa siyasət yürüdəcək şəxsin rəhbərlik edə biləcəyini də istisna etməyib: “Sadəcə, heç nəyi dərhal dağıtmasın. Mənim kimi, mövcud dayaqlara söykənərək, ölkəni sakit və tədricən inkişaf etdirsin. Əgər cəmiyyəti başqa istiqamətə getməyə inandıra bilsə, buyursun”, – deyə Lukaşenko bildirib.
“AzPolitika.info”


Şərhlər