Rusiyanın tanınmış yükdaşıma şirkəti “Volqa-Dnepr” yaxın vaxtlarda dövlətə verilə bilər.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə şirkətin banisi Aleksey İsaykin əməkdaşlarla görüşündə məlumat verib. Onun sözlərinə görə, qrupun “Vətənə verəcək bir şeyi var” və əgər hakimiyyət tələb edərsə, şirkət xidmətə hazırdır – istər milliləşdirmə, istər müsadirə olunma, istərsə də ədalətli sövdələşmə yolu ilə.
“Volqa-Dnepr” və ona məxsus “AirBridge Cargo” 2022-ci ilə qədər Rusiyanın ən iri beynəlxalq yükdaşıma operatorları sayılırdı. Lakin Ukraynaya qarşı müharibədən sonra tətbiq edilən sanksiyalar nəticəsində şirkət, demək olar ki, bütün xarici bazarını itirib.
Qeyd edək ki, bu ilin qışında şirkətin ofisində axtarış aparılıb, keçmiş səhmdar Sergey Şklyanik isə İstintaq Komitəsinə çağırılmışdı.
Hazırda “Volqa-Dnepr” Qərbin sanksiyaları altındadır. Şirkətin parkına məxsus An-124 “Ruslan”, İl-76, An-12 və “Boeing” yük təyyarələrinin əksəriyyəti uçuş yararlılığı sertifikatlarını itirib. Bu səbəbdən də onların istismar imkanları xeyli məhdudlaşıb.
Maliyyə baxımından da vəziyyət ağırdır: 2022-ci ilin sonuna şirkətin aktivləri 47 milyard rubl (təxminən 668 milyon dollar) dəyərində qiymətləndirilirdisə, 2025-ci ildə artıq “sıfır” kimi göstərirlər.
Ekspertlərin fikrincə, şirkətin əsas maraq doğuran tərəfi rus istehsalı olan hərbi-nəqliyyat təyyarələri ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin “Volqa-Dnepr”in aktivlərində maraqlı olması ehtimal edilir.
“AzPolitika.info”


Şərhlər