Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
APA-nın məlumatına görə, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səsverməsi üçün açılıb.
Səsvermə prosesi saat 19:00-da başa çatacaq.
Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 11607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb.
Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq 8 siyasi partiya öz namizədlərini irəli sürüb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.
M. Pənahov bildirib ki, seçkilərdə ümumilikdə 37 077 namizəd qeydə alınıb: “Seçkiləri 50 mindən artıq müşahidəçi işləyəcək. Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 11607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək. Səsvermə 5015 məntəqədə baş tutacaq. Bunun 4887-si daimi, 128-i müvəqqəti yaradılan məntəqədir”.
MSK sədri əlavə edib ki, şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb kameralar quraşdırılıb.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və səsverməyə start verilib.


Şərhlər