"Tramp hakimiyyətə gələndə demişdim ki, bölgəmizdə siyasi proseslərə yön verəcək 4 ciddi lider olacaq.Tramp, İlham Əliyev, Ərdoğan və Putin.Tramp İlham Əliyev və Putinlə görüşüb, indi Ərdoğanla görüşür. Hər bir halda görüşün faydalı olacağına inanıram. Türkiyə öz nüvə silahına sahib olana qədər, Ərdoğan Pakistanın nüvə silahının (ən azı 50 nüvə başlığının) Türkiyədə yerləşdirilməsinə çalışmalıdır. Bunun üçün o ABŞ-nin razılığını almalıdır. Müsəlman dövlətləri Pakistanın nüvə təhlükəsizliyi çətirinin altına girmək üçün onun nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər.."

“AzPolitika” xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Dövlət Baxçalının, “Türkiyə Rusiya və Çinlə müttəfiq olmalıdır”, - çağırışı ilə bağlı isə deputat bildirib: " Siyasi partiyaların öz ölkələrinin gələcəyi ilə bağlı fikirlər səsləndirmək haqqı var. Amma düşünürəm o bunu Ərdoğanın ABŞ-yə səfəri zamanı qəsdən səsləndirib, ABŞ-ni danışıqlarda daha konstruktiv etmək üçün. Baxçalı da bilir ki, Türkiyəni heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə Türk dövlətlərinin, İranın və Rusiyanın iştirakı ilə Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir ittifaq qurulsa, bu, bölgədə davamlı sülhə, təhlükəsizliyə və firəvanlığa gətirər. Avropa İttifaqı ilə Çin arasında yeni bir siyasi-iqtisadi güc formalaşar. Bu barədə əvvəllər çox danışmışam".

“AzPolitika.info”