Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə sona yaxınlaşır.
“AzPolitika”- nın məlumatına görə, illərdir sakinlərlə MTK rəhbərliyi arasında davam edən narazılıq Səbail Rayon Məhkəməsində 9 aylıq araşdırma ilə hüquqi müstəviyə daşınıb. Məhkəmə dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq, tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib. Nəticədə MTK-dan həyətə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub.
Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 7 ay davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxlayıb. Ardınca MTK Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə işi daha ətraflı araşdırma aparılması üçün geri qaytarıb.
Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirmiş, sakinlərlə birbaşa görüşərək nəticədə kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiqləyib. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbi qoyub.
İş yenidən Ali Məhkəməyə göndəriləcək və qərar təsdiqlənərsə, hüquqi qüvvəyə minəcək. Sakinlər ümid edirlər ki, Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaq.
Bina sakinləri verilən qərarı sevinclə qarşılayıb və məhkəmə sistemində çalışan ədalətli hakimlərə təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, bu qərar təkcə bir məhkəmə mübahisəsinin nəticəsi deyil, həm də cəmiyyət üçün verilmiş ədalət mesajıdır.
Sakinlərin saytımıza verdiyi açıqlamada deyilir:“Bu xəbəri çoxdan gözləyirdik və bu qərar bizim üçün təkcə hüquqi deyil, mənəvi qələbədir. Apellyasiya Məhkəməsinə obyektiv mövqeyinə görə təşəkkür edirik. İnanırıq ki, Ali Məhkəmə də bu ədalətli yanaşmanı təsdiqləyəcək. Haqq-ədalət heç vaxt üzülməz və sonda mütləq qalib gəlir. Məhkəmənin bu qərarı, ictimaiyyətə bir daha göstərdi ki, haqlı mübarizə nəticə verir və qanun çərçivəsində hüquqlarını tələb edənlər sonda qalib gəlir”.
Rasim
“AzPolitika.info”

Şərhlər