Marsda aparılan yeni tədqiqat planetin səthində su hərəkətinin izlərini daşıyan səkkiz mağara olduğunu ortaya çıxarıb. Alimlər hesab edir ki, bu mağaralar həm Marsın keçmişində suyun mövcudluğuna işarə edir, həm də gələcəkdə astronotların yerləşməsi üçün daha uyğun şərait yarada bilər.
Çinin Şenzen Universitetinin rəhbərlik etdiyi araşdırma "The Astrophysical Journal Letters" jurnalında dərc olunub. Mütəxəssislər bildirir ki, mağaralar həm robot, həm də insanlı Mars missiyaları üçün ən perspektivli hədəflərdən biri ola bilər.
Uzun illərdir Avropa və ABŞ alimlərinin araşdırdığı Hebrus Valles bölgəsinin yüksək keyfiyyətli görüntülərinin təhlili həmin ərazidəki bir sıra çuxurların keçmiş su axınlarının jeomorfoloji izlərini daşıdığını göstərib.
Əvvəl bəzi çuxurların vulkanik proseslərlə formalaşdığı bilinsə də, yeni tədqiqat Hebrus Vallesdəki bu strukturun su ilə əmələ gəlmiş karstik mağaralara bənzədiyini ortaya çıxarıb. Tədqiqat zamanı NASA-nın iki Mars missiyasından — Mars Global Surveyor və Mars Odyssey cihazlarından toplanmış məlumatlar təhlil olunub. Mineral xəritələr göstərib ki, mağaraların ətrafında - suda həll olunan minerallar, sülfatlar, yüksək hidrogen konsentrasiyası mövcuddur.
Araşdırma qrupu gələcək Mars ekspedisiyalarının bu bölgələrə yönləndirilməsini təklif edib.
"AzPolitika.info"

Şərhlər