Dünyada ən çox F-16 qırıcı təyyarəsinə sahib ölkələr açıqlanıb.

Dünyanın müxtəlif bölgələrində istifadə olunan F-16 qırıcıları münasib qiymət, yüksək performans və geniş modernizasiya imkanları ilə bu gün də ən çox yayılmış 4-cü nəsil döyüş təyyarəsi olaraq qalır. Bir çox ölkənin hava qüvvələri üçün əsas döyüş platforması olan F-16-lar hava üstünlüyü, yer hədəflərinə zərbə, elektron müharibə və pilot hazırlığı kimi vəzifələrdə fəal rol oynayır.

Məlumata görə, Amerika Birləşmiş Ştatları 936 ədəd F-16 ilə dünyanın ən böyük F-16 eskadrilyasına sahibdir. Çoxşaxəli istifadə imkanları sayəsində bu təyyarələr hava üstünlüyü, yer hədəflərinə hücum, kəşfiyyat və yüksək səviyyəli pilot hazırlığı kimi tapşırıqlarda geniş tətbiq olunur. ABŞ-də F-16-lar Hava Qüvvələri, Milli Qvardiya və Quru Qoşunları ehtiyat komandanlığı tərkibində xidmət göstərir.

Türk Hava Qüvvələrinin inventarında isə 243 ədəd F-16 mövcuddur. Bu say Türkiyəni ABŞ-dən sonra həm Avropanın, həm də dünyanın ən böyük ikinci F-16 istifadəçisi edir. Hazırda F-16-lar “Özgür” modernizasiya proqramı çərçivəsində geniş yeniləmədən keçir. Bundan əlavə, Block 70 konfiqurasiyalı yeni F-16-ların tədarükü davam edir. Bu proqram təyyarələrin aviyonik, radar və missiya sistemlərinin müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyir.

İsrail Hava Qüvvələrinin tərkibində isə 224 ədəd F-16 var. Ölkənin ərazi ölçüsü nəzərə alındıqda bu rəqəm xüsusilə diqqət çəkir. İsrail F-16-ları yerli modernizasiya paketləri və real döyüş təcrübəsi ilə dünyanın ən təsirli F-16 modelləri arasında göstərilir.

Misir Hava Qüvvələri taktiki hava gücünün əsasını təşkil edən 218 ədəd F-16-dan istifadə edir. Afrika qitəsinin ən böyük F-16 eskadrilyasına sahib Misir bu təyyarələri ABŞ ilə hərbi əməkdaşlıq və mütəmadi modernizasiya proqramları vasitəsilə yüksək hazırlıq səviyyəsində saxlayır. F-16-lar həm əməliyyatlarda, həm də intensiv təlimlərdə fəal istifadə olunur.

Artan regional gərginlik fonunda Tayvan hava müdafiəsini gücləndirmək məqsədilə 202 ədəd F-16 saxlayır. Ada administrasiyası bu təyyarələri inkişaf etmiş radar, elektron müharibə sistemləri və yeni silah inteqrasiyaları ilə F-16V (Viper) səviyyəsinə yüksəltməyə davam edir. Bu təyyarələr Tayvanın Çinə qarşı ən vacib hərbi çəkindirici vasitələrindən biri hesab olunur.

"AzPolitika.info"