Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin yaxasını buraxmaq fikrində deyil.

“AzPolitika” xəbər verir ki, yerli jurnalistlərin suallarına cavab verən N.Paşinyan II Qareginin (Ktriç Nersisyan) Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratdığını deyib.

Paşinyan, Ermənistan Apostol Kilsəsinin hazırkı rəhbərinin Kilsəyə zərər verdiyini qeyd edərək, bir daha onun istefasının vacibliyini vurğulayıb: "Ktriç Nersisyan getməlidir. Başqa seçim yoxdur. Biz qarışıqlıqlar olmayan bir yolla gedəcəyik, amma o getməlidir və xarici kəşfiyyat xidmətlərinin baş leytenantları, nə də general-polkovnikləri ona kömək etməyəcək".

Paşinyan Kilsə ətrafındakı müzakirələrin faydalı olduğuna inanır: "Demokratik ölkələr təbliğatdan və ictimai müzakirələrdən qaçmamalıdırlar".

Ermənistan hökumətinin başçısı həmçinin qeyd edib ki, ona "Baş nazirə tabe olan" katolikos lazım deyil, eyni zamanda, xarici strukturların təsiri altında ola biləcək Kilsə liderini də qəbul etmir. Paşinyan əlavə edib ki, kompromat materialları barədə danışmaq mənasızdır, çünki "Ktriç Nersisyan və qardaşı gəzən kompromatlardır " deyən Paşinyan katolikosun qardaşını "keçmiş KQB agenti" adlandırıb.

“AzPolitika.info”