İranın xarici işlər naziri Seyid Abbas Əraqçı “X” hesabında paylaşım edərək Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən gün Davosda İranla bağlı səsləndirdiyi ittihamlara sərt cavab verib.

"AzPolitika” xəbər verir ki, o, Volodimir Zelenskini təlxək adlandırıb.

“Dünya çaşqın təlxəklərin əlindən bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü müdafiə edə bilərik və xarici yardım üçün müraciət etməyə ehtiyac duymuruq”, -  deyə, paylaşımda qeyd edib 

Əraqçı Zelenskini BMT Nizamnaməsinə zidd olaraq ABŞ-ni İrana qarşı təcavüzə çağırmaqda günahlandırıb: “Zelenski korrupsiyalaşmış generallarının ciblərini doldurmaq və özünün BMT Nizamnaməsinə zidd təcavüz adlandırdığı şeylə mübarizə aparmaq üçün amerikalı və avropalı vergi ödəyicilərinin pullarından istifadə edir. O, eyni zamanda, açıq şəkildə və utanmadan BMT Nizamnaməsinə zidd olaraq, ABŞ-ni İrana qarşı təcavüzə çağırır”.

Xatırladaq ki, Zelenski dünən Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı İranda etirazların amansız şəkildə yatırıldığını, Qərbin isə bunu seyr etdiyini bildirib. 

"AzPolitika.info"