“Vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyərinin 300 dollardan 100 dollara endiriləcəyi barədə bizdə heç bir məlumat yoxdur. Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir”.

“AzPolitika” bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “APA-Economics”ə verdiyi müsahibədə bildirib.

Deputat qeyd edib ki, vaxtilə 300 dollar müəyyən edilərkən bu ən optimal bir rəqəm kimi arqumentləşdirilib: “İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər. Həm də nəzərə almalıyıq ki, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi özü-özlüyündə sosial mahiyyət daşıyır. Belə ki, bu, vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər və vətəndaşlarımız bu imkanlardan istifadə edə bilərlər”.

Millət vəkili vurğulayıb ki, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsi hallarının qarşısını 300 dollarlıq məbləği azaltmaqla yox, gömrük nəzarətini gücləndirməklə almaq olar.

“Güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir. Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır”, - A.Əmiraslanov bildirib.

“AzPolitika.info”