5 milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə həbs edilən tanınmış iş adamı Ruslan Eyubov ev dustaqlığına buraxılmayıb.

"AzPoıitika" "Haqqin.az" istinadla xənər xerir ki, müdafiə tərəfi məhkəməyə vəsatət təqdim edərək, Eyubov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəkil vəsatəti onun daimi yaşayış yerinin olması, istintaqdan yayınma riskinin real görünməməsi, eləcə də səhhətində yaranmış problemlərin daha da kəskinləşməsi ilə əsaslandırıb.

Lakin Binəqədi Rayon Məhkəməsi vəsatəti təmin etməyib və Ruslan Eyubov barəsində həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. Bildirilir ki, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verməyib.

Qeyd edək ki, çoxsaylı epizodlardan ibarət olan cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. İstintaq çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Hövsan” ASC-nin rəhbəri Rəşad Daşdəmirov və bir neçə gömrük əməkdaşı da həbs edilib.

İstintaq materiallarına görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Hövsan”ın faktiki sahibi Ruslan Eyubovdur. Bu hadisələrdən sonra onun qardaşı — Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları üzrə Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Həsən Eyubov da vəzifəsindən azad edilib.

Onu da qeyd edək ki, Ruslan və Həsən Eyubov qardaşları Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, hazırda isə Prezident Administrasiyasının Katibliyinin rəhbəri olan general-polkovnik Beylər Eyubovun qardaşı oğludur.

"AzPolitika.info"