“SpaceX” şirkəti gələcək onilliklərdə Ayda və Marsda yaşayış məskənləri salmağı hədəfləyir. Bu barədə şirkətin rəhbəri İlon Mask sosial şəbəkə hesabında paylaşım edib.
Maskın sözlərinə görə, Ayda şəhər tipli layihənin reallaşdırılması üçün artıq ilkin hazırlıqlara başlanılıb və bu prosesin nəticələri 10 ildən də az müddətdə görünə bilər. Marsla bağlı planlar isə bir qədər uzunmüddətlidir. Onun bildirdiyinə əsasən, “SpaceX” Marsda şəhər salınmasına təxminən 5–7 il ərzində başlamağı planlaşdırır.
İlon Mask qeyd edib ki, Marsa uçuşlar yalnız planetlərin Günəş sistemində uyğun mövqedə düzülməsi zamanı mümkündür və bu imkan hər 26 aydan bir yaranır. Belə səfərlər isə təxminən 6 ay davam edəcək. Ayla bağlı vəziyyət isə daha əlverişlidir: ora raketlərin hər 10 gündə bir göndərilməsi mümkündür və uçuş cəmi 2 gün çəkir. Məhz bu səbəbdən Ayda şəhərin qurulmasının Marsla müqayisədə daha tez başa gələcəyi vurğulanır. Mask Marsda tam formalaşmış şəhərin yaranmasının 20 ildən artıq vaxt apara biləcəyini düşünür.
"AzPolitika.info"

Şərhlər