“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən “Kolumbus Kreu” klubuna transferi ölkə futbolu üçün tarixi hadisə kimi qiymətləndirilir. 22 yaşlı forvard yerli futbolçular arasında xarici kluba ən yüksək məbləğə transfer olunan oyunçu olub.

Transfermarkt saytı bu keçidin 2,5 milyon avro qarşılığında baş tutduğunu yazsa da, əldə olunan məlumata görə, MLS təmsilçisi “Qarabağ”a 1,25 milyon avro (təxminən 2,5 milyon manat) ödəyib. Bununla belə, bu məbləğ Azərbaycan Premyer Liqasından birbaşa xaricə transfer olunan yerli futbolçular arasında rekord göstəricidir.

Buna qədər Premyer Liqadan ən yüksək məbləğə transfer olunan azərbaycanlı futbolçu Şahruddin Məhəmmədəliyev idi. O, 2023-cü ildə 900 min avro qarşılığında “Qarabağ”dan Türkiyənin “Adana Demirspor” klubuna keçmişdi. Həmin il Musa Qurbanlı da Ağdam təmsilçisindən İsveçin “Yuqorden” klubuna 500 min avroya transfer olunmuşdu.

Azərbaycan çempionatından kənarda çıxış edən futbolçuların digər transfer məbləğləri də Nəriman Axundzadə üçün ödənilən məbləğdən aşağı olub. Məsələn, 2016/2017 mövsümündə Deniz Yılmaz “Elazığspor”dan “Trabzonspor”a 1,8 milyon avroya keçmişdi. Riçard Almeyda 2012-ci ildə Braziliyanın “Santo Andre” klubundan “Qarabağ”a 1,28 milyon avroya transfer olunmuşdu.

Həmçinin, 2023-cü ildə Ramil Şeydayev Taylandın “Buriram Yunayted” klubundan Türkiyənin “Kocaelispor”una 800 min avroya keçib. Azərbaycan futbolunun tanınmış simalarından Vəli Qasımov 1992-ci ildə Moskva “Dinamo”sundan İspaniyanın “Betis” klubuna 600 min avroya transfer edilmişdi. Anton Krivotsyuk isə 2022-ci ildə Polşanın “Visla Plok” klubundan Cənubi Koreyanın “Daejeon Hana” komandasına 600 min avro qarşılığında keçib.

Beləliklə, Nəriman Axundzadənin transferi həm məbləğinə, həm də birbaşa Premyer Liqadan xaricə reallaşmasına görə Azərbaycan futbol tarixində yeni rekord kimi yadda qalıb.

"AzPolitika.info"