Ukrayna ilə bağlı növbəti danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına açıqlama verib.

Onun sözlərinə görə, danışıqlar üçtərəfli formatda - Rusiya, ABŞ və Ukrayna formatında keçiriləcək. Rusiya nümayəndə heyətinə yenə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Qeyd edək ki, əvvəlki iki raundda rusların nümayəndə heyətinə Rusiya hərbi kəşfiyyatının başçısı İqor Kostyukov rəhbərlik edirdi.

Görüşün gündəliyi, eləcə də ABŞ və Rusiya nümayəndə heyətlərinin tərkibi ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Ukrayna Prezident Ofisi jurnalistlərə Cenevrədə danışıqlar olacağı barədə məlumatı təsdiqləyib. Ukrayna nümayəndə heyəti hazırda hazırlıq işləri ilə məşğuldur. Kiyevin göndərəcəyi nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Kirill Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kislitsya və Vadım Skibitski daxil olacaq.

“AzPolitika.info”