Moldova və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynada ictimai xadimlərə sui-qəsd planlaşdıran 10 şübhəlini saxlamaq üçün birgə əməliyyat keçiriblər.

“AzPolitika” xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, cinayətkarların hədəfləri arasında jurnalistlər, fəallar və hərbi kəşfiyyat zabitləri olub.

"Polis Ukraynada Rusiya kəşfiyyat xidmətləri tərəfindən planlaşdırılan bir sıra yüksək səviyyəli qətllərin qarşısını alıb. Məqsəd ölkədə qorxu, panika yaratmaq və sabitliyin pozulması idi", - deyə Ukraynanın Daxili İşlər naziri İqor Klimenko bildirib.

Hüquq-mühafizə orqanları əməkdaşları killerlərin Rusiya kəşfiyyat orqanlarının əmrləri ilə hərəkət etdiyinə əmindirlər. Onlar, Moldova vətəndaşlarını qrupa cəlb edərək, qətlləri törətmək üçün Ukraynaya aparıblar. Ukraynaya çatdıqdan sonra potensial hədəflər haqqında ətraflı məlumat toplayıblar, eləcə də qətli törətməyin mümkün üsullarını planlaşdırıblar.

Bundan sonra onlar Rusiya kəşfiyyat orqanları ilə əlaqəsi olan bir məmurdan təlimat gözləyiblər.

Bu arada BBC-nin istintaq orqanlarındakı mənbələrə istinadla yaydığı məlumata görə, 34 yaşlı Moldova vətəndaşı qrupun təşkilatçısı və koordinatoru hesab olunur. Rusiya kəşfiyyat rəsmiləri sifarişli qətllər üçün pul vəd ediblər. Ukrayna Baş prokuroru Ruslan Kravçenko deyib ki, "Rusiya tərəfi hər bir qətl üçün cinayətkarlara 100.000 dollara qədər pul vəd edib - məbləğ potensial qurbanın şöhrətindən və təsirindən asılı idi".

Kravçenko moldovalı qatillərin potensial hədəfləri siyahısından yalnız bir ad çəkib. Bu, Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi və Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahının sədr müavini Andrey Yusov olub. Lakin BBC hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər verir ki, digər hədəf tanınmış ukraynalı jurnalist və bloqçu Dmitri Qordondur. Qordon Rusiyada “xarici agent" və "ekstremist" elan edilərək, 14 il qiyabi həbs cəzasına məhkum edilib. Bu, ona qarşı sui-qəsd hazırlandığına dair ilk məlumat deyil. Daha əvvəl də ona qarşı oxşar sui-qəsd planlarının qarşısının alındığı bildirilir.

Xatırladaq ki, Qordon ötən ilin yayında Azərbaycana – Qarabağa gəlmişdi.

“AzPolitika.info”