ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatdan sonra Tehran buna cavab olaraq bir neçə gündür Yaxın Şərqdəki ABŞ hərbi bazalarını hədəf alır. Bəhreyn, Əbu-Dabi və Küveytdəki ABŞ hərbi bazaları hazırda İranın əsas hədəf nöqtələrinə çevrilib.
Məlumat üçün qeyd edək ki, ABŞ Yaxın Şərqdə geniş hərbi infrastruktur şəbəkəsinə malikdir. Müxtəlif hesablamalara görə, 10-dan çox ölkədə 40–50 min arası ABŞ hərbçisi yerləşdirilib.
Həmin hərbi bazaları təqdim edirik:
Bəhreyn
Bəhreyn ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına ev sahibliyi edir. Donanma Fars körfəzi, Qırmızı dəniz və Oman dənizi daxil olmaqla geniş akvatoriyaya nəzarət edir. Ölkədə həmçinin Mühərrəq hava limanı və İsa Hərbi Hava Bazası mövcuddur.
Qətər
Paytaxt Doha yaxınlığındakı Əl-Udeyd Hərbi Hava Bazası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) irəli qərargahıdır. Təxminən 10 min hərbçinin yerləşdiyi bu baza Yaxın Şərqdəki ən böyük ABŞ hərbi obyektidir və İraq, Suriya və Əfqanıstan əməliyyatlarında mühüm rol oynayıb.
Küveyt
Əl-Ərifcan düşərgəsi ABŞ Quru Qoşunlarının Mərkəzi Komandanlığının irəli qərargahıdır. Əli Əl-Səlim Hərbi Hava Bazası və Bührinq düşərgəsi isə İraq və Suriyaya yönəlik logistik əməliyyatlar üçün əsas mərkəzlərdir. Küveytdə 13 mindən çox ABŞ hərbçisinin olduğu ehtimal edilir.
Birləşmiş Ərəb Əmirlikləri
Əbu-Dabinin cənubundakı Əl-Zafra Hərbi Hava Bazası ABŞ Hərbi Hava Qüvvələri üçün strateji mərkəzdir. Dubaydakı Cəbəl Əli limanı isə rəsmi baza olmasa da, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə ən böyük dayanacaq nöqtəsidir.
İraq
Qərbi İraqdakı Ayn əl-Əsəd Hərbi Hava Bazası ABŞ qüvvələrinin əsas obyektlərindən biridir. İran 2020-ci ildə general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq bu bazanı ballistik raketlərlə hədəfə almışdı. Şimali İraqdakı Ərbil Hava Bazası da koalisiya qüvvələrinin fəaliyyətində istifadə olunur.
Səudiyyə Ərəbistanı və İordaniya
Səudiyyə Ərəbistanında təxminən 2 300 ABŞ hərbçisi yerləşir. Ər-Riyad yaxınlığındakı Şahzadə Sultan Hərbi Hava Bazasında Patriot və THAAD hava hücumundan müdafiə sistemləri mövcuddur. İordaniyanın Əzraq şəhərində yerləşən Muvaffaq əl-Salti Hərbi Hava Bazası isə ABŞ-ın Levant bölgəsindəki əməliyyatlarında istifadə edilir.
Suriya
ABŞ-nin Suriyada, xüsusilə Tanf hərbi bazası daxil olmaqla, İŞİD-ə qarşı əməliyyatları dəstəkləyən bir neçə hərbi obyekti var.
Türkiyə
Türkiyədə Adanadakı İncirlik Hərbi Hava Bazasında təxminən 2 500 ABŞ hərbçisi xidmət edir. Malatyadakı Kürecik Radar Bazası isə NATO-nun raketdən müdafiə sistemi çərçivəsində erkən xəbərdarlıq funksiyası daşıyır. İzmir şəhərində yerləşən NATO Quru Qoşunları Komandanlığı (LANDCOM) isə logistik və hərbi planlama dəstəyi göstərir.
"AzPolitika.info"

Şərhlər