Rusiyanin Leninqrad vilayətindəki Novatek-Ust-Luga neft emalı zavodu Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra iki gündən çoxdur ki, yanmağa davam edir. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının və kanallarının bildirdiyinə görə, yanğın nəticəsində şimal istiqamətindən neft tədarükü dayanıb.

Bundan öncə “Reuters” agentliyinin yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin limanlara və tankerlərə hücumları, eləcə də “Drujba” kəmərinin bağlanması nəticəsində Rusiyanın neft ixracı potensialının ən azı 40%-i sıradan çıxıb. Bu, gündə təxminən iki milyon barel neft itkisi deməkdir.

Ukrayna bu ay Rusiyanın neft infrastrukturuna hücumları gücləndirib və üç əsas Qərb limanına - Qara dənizdə Novorossiyskə, Baltik dənizində Primorsk və Ust-Luqaya zərbələr endirib.

“Reuters” agentliyinin məlumatına görə, Qərbə ixrac marşrutları təhlükə altında olduğundan, Moskva Asiya bazarlarına neft ixracından asılı olmağa məcburdur, lakin bu marşrutlar kifayət qədər tutumlu olmadığı üçün məhduddur.

Kiyev isə bəyan edir ki, Rusiyanın enerji infrastrukturuna zərbələrin məqsədi Moskvanın neft və qaz gəlirlərini azaltmaq və hərbi gücünü zəiflətməkdir.

“AzPolitika.info”