“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirmək arzusunu açıqlayıb.

"AzPolitika"-nın məlumatına görə, 25 yaşlı qolkiper ölkəsinin sport.pl portalına müsahibəsində bildirib ki, ABŞ-dan MLS liqasından aldığı təklifi qəbul etməyib: “ABŞ-dan sorğular var idi, amma MLS-ə transfer təklifini rədd etdim”.

Polşalı oyunçu karyerasını Avropada davam etdirmək istədiyini söyləyib: "Mənim istəyim avrokuboklarda oynamaqdır. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək".

Koxalski deyib ki, İngiltərə Premyer Liqasında oynamaq onun əsas hədəflərindən biridir: “Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi. Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram.Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".

Qeyd edək ki, “Qarabağ” da Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.

Belə ki, Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.