"Qarabağ" klubunun sabiq hücumçusu Dino Ndlovu uğursuz biznes sövdələşməsi səbəbindən böyük maliyyə itkisi ilə üzləşib.
"AzPolitika" xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının "Briefly" nəşri məlumat yayıb.
36 yaşlı keçmiş futbolçunun Dubayla əlaqəli şəxslərlə bağladığı beynəlxalq biznes razılaşmasında 5 milyon randdan (təxminən 513 min manat) çox vəsait itirdiyi bildirilir. Ndlovunun sözlərinə görə, həmin şəxslər pulu aldıqdan sonra onunla bütün əlaqələri kəsiblər.
Keçmiş hücumçu itirdiyi vəsaiti geri qaytarmaq üçün xüsusi detektiv tutub və bu işə əlavə 1 milyon rand (təxminən 102,6 min manat) xərcləyib. Beləliklə, onun ümumi zərərinin 6 milyon randa (təxminən 615,7 min manat) çatdığı qeyd olunur.
Hazırda xrom hasilatı sahəsində bizneslə məşğul olan Ndlovu əvvəllər gecə klubu, istirahət məkanı və qonaq evi kimi obyektləri də idarə edib. O, gələcəkdə futbol klubu sahibi və oyunçu agenti olmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, Dino Ndlovu 2016–2018-ci illərdə "Qarabağ"ın heyətində çıxış edib. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 54 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.


Şərhlər