ABŞ lideri Donal Tramp Hörmüz boğazının açılması ilə bağlı İrana vaxt verib.

O bildirib ki, əks halda İranın bütün enerji infrastrukturuna zərbələr endirilə bilər.

ABŞ-nin bu bəyanatına İran tərəfinin cavabı gecikməyib. Tehran tərəfindən verilən açıqlamada belə bir ssenari baş verərsə, ABŞ, İsrail və onların regiondakı müttəfiqlərinə məxsus enerji obyektləri ilə yanaşı, xüsusilə su təmizləyici qurğuların hədəf alınacağı bildirilib.

Məlumata görə, İsrail içməli su tələbatının təxminən 75–80 faizini dəniz suyunun duzsuzlaşdırılması yolu ilə təmin edir. Bu baxımdan ölkənin Aralıq dənizi sahilində yerləşən “Sorek”, “Aşkelon”, “Hadera”, “Palmaxim” və “Aşdod” kimi iri su təmizləmə kompleksləri strateji əhəmiyyət daşıyır.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu tip müasir müəssisələrin tikintisi və ilkin qurulması 500 milyon dollardan 1,5 milyard dollara qədər vəsait tələb edir. Belə obyektlərin sıradan çıxması halında alternativ su mənbələri – yeraltı sular, həmçinin Taberiya gölü kimi ehtiyatlar mövcud olsa da, artan əhali və quraq iqlim səbəbindən bu resursların təkbaşına kifayət etməyəcəyi qeyd olunur.

Ekspertlər bildirir ki, bu cür müəssisələrin fəaliyyətinin dayanması ölkədə yaranacaq təxminən 80 faizlik su çatışmazlığını qısa müddətdə kompensasiya etməyi mümkünsüz edə bilər.

Bildirilir ki, regionun digər ölkələri də dəniz suyunun duzsuzlaşdırılmasından ciddi asılıdır. Küveyt içməli suyun 90 faizini bu üsulla əldə edir və ən riskli ölkələrdən sayılır. Oman üzrə bu göstərici 86 faizdir. Səudiyyə Ərəbistanı isə içməli suyun təxminən 70 faizini dənizdən təmin edir. Bəhreyn 60 faiz, Birləşmiş Ərəb Əmirlikləri isə 42–50 faiz arasında dəyişən göstərici ilə dəniz suyuna bağlıdır.

"AzPolitika.info"