Menu

“Bakını elə bərbad günə qoyublar ki, yağış faciəyə çevrilir” – “Görməmişcəsinə tikinti bumunun nəticəsi o oldu ki...”

28.03.2026, 21:54
“Bakını elə bərbad günə qoyublar ki, yağış faciəyə çevrilir” – “Görməmişcəsinə tikinti bumunun nəticəsi o oldu ki...”

Azərbaycanda iki gündür davam edən yağışlar ölkə ərazisində, xüsusilə də paytaxt Bakıda ciddi problemlər yaradıb.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə paylaşımında problemin kökünün paytaxtda aparılan kortəbii tikintilərdə və şəhərin idarə edilməsində yol verilən nöqsanlarda olduğunu qeyd edib: “Azərbaycanın tamamına, Abşeron yarmadasına böyük həcmdə yağmur yağması, ildən-ilə yağışlı günlərin artması əladı – dünyada ən böyük problemlərdən biri olan və getdikcə artacaq şirin suya çıxış imkanlarımızın artmasına xidmət edir, yəni, normalda, yağışlı günlərin çox olmasına sevinməliyik.

Amma Bakı şəhərini, Abşeron yarmadasını elə bərbad günə qoyublar ki, yağış faciəyə çevrilir, insanlar üçün böyük çətinliklər yaradır.

Hökumətin ilk böyük səhvi Bakıda sovetdən qalan yağış-kanalizasiya xətlərinin dağıdılmasına göz yumması, hətta, buna şərait yaratması oldu. Bakıda kanalizasiya xətləri ilə yanaşı, yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlər də mövcud idi. Ötən əsrin sonu, 21-ci əsrin əvvəlində Bakıda görməmişcəsinə tikinti işlərinə start veriləndə, yüksək mərtəbəli binaların təməlləri qazılanda, əgər yağış suları üçün nəzərdə tutulan boru xətləri maneçilik törədirdisə, onları kəsib adi kanalizasiya xətlərinə birləşdirirdilər.

Görməmişcəsinə tikinti bumunun nəticəsi o oldu ki, cəmi 2 mln. əhali üçün nəzərdə tutulan kanalizasiya sistemi, indi 4 mln. əhaliyə xidmət etməli olur ki, bu da həddən artıq yüklənmə ilə nəticələnir, boru xətləri, onların diametri və buraxılış gücü bu qədər əhaliyə dözmür, bir az da yağış yağanda Bakı göllər şəhərinə çevrilir. Bundan başqa, kanalizasiya sisteminə qoşulmaq üçün texniki şərt, rüşvətlə alınan kağız parçasına çevrildi – elmi, texniki yanaşma olmadı.

Azərbaycanın yağmurlu bölgəyə çevrilməsi xoşbəxtlikdir, sadəcə, tədbirli, vizionlu hökumət, işlək bir sistem lazımdır ki, bu dəyişikliyi ölkə üçün ciddi pozitiv fürsətə çevirsin”.

“AzPolitika.info”

Şərhlər

Tarix 2026-03-29 10:35:12

Millət zülmdə,yaşam çətinliyi,ehtiyac,hüquqsuzluq,əsarət davam edəcək.Yaşadığımız sistemin,quruluşun bu günkü vəziyyəti ensiklopediyanın heç bir səhifəsində rast gəlinmir.Bu sistem nə fodalizmdir, nə quldarlıqdır,nə kapitalizmdir,nə sosializm.Bunu yalnız anarxizm kimi bir az düşünmək olur.Ancaq 21- əsrdə beləsistem heç cunqliyada rast gəlinmir.

Ədalət 2026-03-29 05:13:23

Baki şəhərində bütün bina tikintiləri dayandırılmalıdır.Əks halda bizi dəhşət gözləyir.

Mona 2026-03-29 03:47:21

He işləyir babat işləyib Villa tikirlər xalqı məhv edirlər agaclari kəsirlər

Vətəndaş 2026-03-28 21:41:18

Bəs Bakının meri, onun şişirdilmiş ştatlarındakı məmurlarI baçıpozuq tikililəri bunlar niyə görmür.Məgər onlar Bakıda yaşamırlar,küçələrdə olmurlar.Deməli torbada pişik mövcuddur.Rüşvət gözlərini kor edib.Bəs ondan yuxarıdakılar?Nəzarət orqanları?

Amon 2026-03-28 21:06:37

Narahat olma yagisli havada dovlet qurumlari fasilesiz isleyir amma problem hell olunmur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol