Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov sülh danışıqları ilə bağlı sensasion açıqlamalar verib. Kreml rəsmisi bəyan edib ki, ABŞ öz rıçaqlarından istifadə edərək Ukraynanı Rusiyaya sərf edən güzəştlərə məcbur etməlidir.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Uşakov VQTRK-ya müsahibəsində rəsmi Vaşinqtonun Kiyevə real təsir göstərmək imkanlarının olduğunu vurğulayıb.

Uşakovun sözlərinə görə, Moskva ABŞ-ni ötən ilin avqustunda Ankoricdə (Alyaska) Putin və Tramp arasında əldə olunmuş razılaşmaların icrası üçün Ukraynaya təzyiq göstərməyə çağırır. Rusiya rəsmiləri tez-tez bu görüşə istinad edərək "Ankoric ruhu" ifadəsini işlətsələr də, həmin razılaşmaların detalları hələ də tam açıqlanmır.

Lakin siyasi kulislərdə söhbətin bütün Donbasın (Donetsk və Luqansk vilayətləri) Rusiya nəzarətinə verilməsindən getdiyi bildirilir. Rusiya tərəfi iddia edir ki, Tramp və Putin müəyyən məsələlərdə anlaşıblar, lakin Kiyev bu prosesə mane olur.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bu həftə verdiyi açıqlamada təsdiqləmişdi ki, ABŞ Kiyevə təhlükəsizlik zəmanəti vermək üçün Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını şərt kimi qoyur. Zelenski Vaşinqtonun bu məsələdə onlara təzyiq etdiyini açıq şəkildə dilə gətirib.

Buna cavab olaraq ABŞ Dövlət katibi Marko Rubio Zelenskinin sözlərini təkzib edib. Rubio bildirib ki, ABŞ sadəcə Moskvanın ərazi məsələsi ilə bağlı mövqeyini Kiyevə çatdırır və bu, heç də Vaşinqtonun həmin mövqe ilə həmrəy olması demək deyil.

Zelenski isə öz növbəsində israr edir ki, zəmanətlər məsələsi qoşunların çıxarılması ilə birbaşa əlaqələndirilir: "Vaşinqtondan Kiyevə deyil, müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmasını gözləyirdik".

Xatırladaq ki, fevralın ortalarında Cenevrədə keçirilən üçtərəfli sülh danışıqlarının son raundu və ondan sonrakı ikitərəfli görüşlər heç bir nəticə verməyib. Moskva Donbasın tam nəzarətə verilməsini əsas tələb kimi saxlayır, Ukrayna isə ərazi bütövlüyü məsələsində geri addım atmır. Cəbhədə isə gərgin döyüşlər davam edir.

“AzPolitika.info”