Bu gün Nizami Kino Mərkəzininn divarına qrafit çəkən gəncləri və yeniyetimələri polis saxlayıb. Rəsmi məlumata görə, qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Qeyd olunur ki, abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Bakının ən mərkəzi və prestijli küçələrindən biri olan Bülbül prospektində yerləşən Nizami Kino Mərkəzinin binası 1934-cü ildə inşa edilib. Şəhərin memarlıq ansamblına xüsusi rəng qatan bu bina, ətrafındakı digər tarixi tikililərlə, məsələn, yaxınlıqdakı Bakı Musiqi Akademiyası ilə vəhdət təşkil edir. O dövrün memarlıq tendensiyalarını əks etdirən bu möhtəşəm tikili sovet konstruktivizmi və klassik elementlərin sintezini özündə birləşdirir. Binanın memarları məşhur mütəxəssislər Sadiq Dadaşov və Mikayıl Hüseynovdur. Bu iki şəxs Azərbaycan memarlıq tarixində silinməz iz qoyaraq Bakının bir çox rəmzi binalarının müəllifləridir.
Bina sovet klassisizmi üslubunda layihələndirilib, fasadı geniş sütunlar, zərif ornamentlər və heykəltəraşlıq nümunələri ilə bəzədilib. Belə ki, fasadında incəsənəti və mədəniyyəti tərənnüm edən müxtəlif heykəltəraşlıq kompozisiyaları yer alır.
Nizami Kino Mərkəzinin binasında 2011-ci ildə dövlət tərəfindən əsaslı şəkildə bərpa və yenidənqurma işləri aparılıb, bərpa zamanı binanın tarixi görkəmi tamamilə qorunub saxlanılmaqla yanaşı, daxili infrastrukturu ən son texnologiyalarla təchiz edilib.
Onu da qeyd edək ki, Nizami Kino Mərkəzi ölkənin ən qədim kinoteatrlarından biridir və onilliklər boyu Bakı sakinlərinin əsas görüş və mədəniyyət ocağı kimi xidmət edib. Bu gün bina həm də beynəlxalq film festivalların keçirildiyi əsas məkandır. Ümumiyyətlə Bakı sadəcə binalardan ibarət bir şəhər deyil, o, bizim tariximiz, qürurumuz və dünyaya açılan pəncərəmizdir. Paytaxtın mərkəzində ucalan hər bir tarixi bina, keçmiş nəsillərin bizə buraxdığı bir əmanətdir.
Lakin bu gün həmin əmanətin üzərinə düşünülmədən, plansız və kortəbii şəkildə vurulan boya izləri, şəhərin estetik ruhuna vurulan ağır zərbədir. Bir gəncin bir neçə dəqiqəlik adrenalin həvəsi, əslində şəhərin illərlə qorunan reputasiyasını və minlərlə insanın zəhmətini bir anda heçə saymaqdır. Biz gənclərimizin enerjisinə, onların dünyagörüşünə və yenilikçi ruhuna hər zaman hörmətlə yanaşırıq. Lakin sənət qurmaqdır, yaratmaqdır, ətrafı gözəlləşdirməkdir. Əgər bir hərəkət şəhərin arxitekturasını eybəcərləşdirirsə, dövlətin təmizlik və abadlıq işlərinə zərər vurursa, buna "sənət" demək sadəcə özünü aldatmaqdır. Qərb ölkələrində xaosun simvoluna çevrilən, binaları yararsız hala salan bu "küçə xəstəliyi"nin Bakının küçələrinə daşınması qəbuledilməzdir. Bakı öz təmizliyi və intizamı ilə tanınan bir paytaxtdır və bu imici qorumaq, bu missiyanı uşaqlara, gənclərə aşılamaq hər kəsin mənəvi borcudur.

Əlbəttə, bir yeniyetmənin və ya gəncin şəhərin ortasındakı tarixi binanı "hədəf" seçməsi təsadüfi deyil. Bu, ailədə ictimai mülkiyyətə, başqasının əməyinə və vətən sevgisinə dair dərslərin yetərincə aşılanmamasının nəticəsidir. Valideyn təkcə övladını yedirdib-içirməklə vəzifəsini bitmiş saymamalıdır. Onun küçədə hansı davranış sərgilədiyini, cəmiyyətə necə bir fərd kimi qatıldığını bilmək valideynin birbaşa məsuliyyətidir. Əgər bir uşaq öz evinin divarına çəkmədiyi cızma-qaranı şəhərin tarixi binasına çəkirsə, deməli, o, şəhəri öz evi kimi görmür. Bu vizyonu ona ailəsi verməlidir. Övladınıza "dövlət əmlakı"nın əslində xalqın, yəni elə sizin ortaq malınız olduğunu anlatmaq sizin borcunuzdur.
Şübhəsiz ki, valideynlərin bu cür "xırda xuliqanlıqlar"a "uşaqdır, həvəsdir" deyib göz yumması, gələcəkdə daha böyük məsuliyyətsizliklərin təməlini qoyur.
Bakı bizim ortaq evimizdir. Bu evdə hər birimiz məsuliyyət daşıyırıq. Valideynlər övladlarının davranışlarına daha ciddi nəzarət etməli, onlara estetik zövqü və etik davranış qaydalarını erkən yaşlardan aşılamalıdırlar. Vətənpərvərlik sadəcə şüar demək deyil, həm də paytaxtın bir daşını qorumaq, şəhərin təmizliyinə hörmət etməkdir.
Nəticə etibarilə, gənclərimizdən enerjilərini dağıtmağa deyil, qurmağa sərf etmələrini gözləyirik. Valideynləri isə bu prosesdə daha ayıq-sayıq olmağa, övladlarına şəhərli mədəniyyətini öyrətməyə çağırırıq. Unutmayaq ki, biz qorumadığımız heç bir dəyəri gələcək nəsillərə ötürə bilməyəcəyik.
Bakı gözəldir və bu gözəlliyi qorumaq hamımızın borcudur!
E. Rüstəmli
“AzPolitika.info”

Şərhlər