“Türkiyənin Rusiya əleyhinə sanksiyalardan imtina etməsi Rusiyanın Kiçik Asiya yarımadası ölkəsinə münasibətinə xeyli dərəcədə müsbət təsir edib”. Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.
Putinin Ərdoğanı yeni il münasibəti ilə təbrik etməsinin isə böyük məna kəsb etdiyini vurğulayan Tarasov bu isti əlaqələrin genişmiqyaslı layihələrin sürətli inkişafında mühüm rol oynayacağını qeyd edib.
Tarasov Rusiya-Türkiyə arasında geosiyasi problemlər baxımından kəskin fikir ayrılıqlarının olmasının iqtisadi əlaqələrin inkişafına əngəl törətməyəcəyini bildirib.
“Rusiyanın “Cənub axını” layihəsindən imtinası və Türkiyəni yeni təbii qaz layihələrinə cəlb etməsi regionda yeni fövqəlgücün yaranmasından xəbər verir. Hətta Qərb belə inanmırdı ki, Moskva Ankaranın regional statusunu yüksəldəcək”, - Tarasov vurğulayıb.
Rusiyalı politoloq Rusiya-Türkiyə ittifaqının Yaxın Şərqdə güc balansını dəyişdirdiyini və artıq Moskva və Ankranın regionda şəxsi kartlarının rol oynadığını bildirib.


Şərhlər