Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını bəyan edib.
“AzPolitika” xəbər verir ki, bunu Belarus dövlət mediasının yayımladığı çıxışında bəyan edən Lukaşenko ölkədə “nöqtə səfərbərliyi” aparıldığını da əlavə edib. “Söz verdiyim kimi, nöqtə səfərbərliyi aparacağıq. Ondan ötrü ki, silahlı Qüvvələrimizi müharibəyə hazırlayaq. Kaş ki bundan qaçmağa müvəffəq olaq. Lakin biz hamımız müharibəyə hazırlaşırıq”.
Belarus başçısı konkret olaraq hansı ölkə ilə müharibə aparacağını deməyib. “Nöqtə səfərbərliyi” deyərkən isə böyük ehtimalla hərbi mütəxəssislərin və digər kateqoriyaların orduya cəlb ediməsini nəzərdə tutub.
Bundan əvvəl də Lukaşenko "təcili yoxlamalar" və ya ehtiyatdakı zabitlər üçün kütləvi "toplantılar" kimi “tədbirlər” görərək, döyüşə hazır olduğunu göstərməyə çalışıb. Lakin bu dəfə konkret olaraq müharibəyə hazırlaşdığını bəyan edib.
Artıq bir çox şərhçilər Lukaşenkonun sözlərinə ilk növbədə Vladimir Putinin niyyətlərinin göstəricisi kimi baxırlar. Qeyd edirlər ki, Putin, həmişə olduğu kimi, müxtəlif ssenarilərə hazırlaşır və növbəti hədəf Belarusla həmsərhəd Baltikyanı ölkələr, yaxud Finlandiya ola bilər. Bu halda, belarusların “xidmətinə” ehtiyac yaranacaq. Eləcə də əgər Ukrayna ilə razılaşma yaxın aylarda baş tutmasa, Belarus ordusunun Ukraynadakı müharibə cəbhəsini genişləndirmək üçün cəlb ediləcəyini də gözləyənlər var.
Bu arada qeyd edək ki, 10 gün əvvəl Voldimir Zelenski Belarus istiqamətində gərginliklə bağlı siqnallar verib. O bununla bağlı deyib: "Ukrayna-Belarus sərhədinin bəzi hissələrində - Belarus tərəfindən - olduqca spesifik fəaliyyət müşahidə olunub. Biz hər şeyi diqqətlə izləyirik və lazım gələrsə, cavab verəcəyik. Kəşfiyyat məlumatlarına görə, Belarusun sərhəd bölgələrində Ukrayna ərazisinə doğru yollar çəkilir və artilleriya mövqeləri qurulur. Rusiya Belarusu yenidən müharibəyə cəlb etməyə çalışa bilər".
“AzPolitika.info”

Şərhlər