ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15E Strike Eagle" qırıcısının pilotu İran müharibəsi zamanı cəmi beş həftə ərzində iki dəfə təyyarəsinin vurulmasına baxmayaraq sağ qalaraq hərbi tarixə düşüb.
İlk hadisə martın 2-də Küveytdə baş verib. Küveytin hava hücumundan müdafiə qüvvələri səhvən ABŞ-a məxsus üç F-15E qırıcısını hədəfə alıb. Nəticədə altı ekipaj üzvü katapult vasitəsilə təyyarələri tərk edərək paraşütlə yerə enib və xilas olub.
Bundan təxminən dörd həftə sonra həmin pilot yenidən döyüş tapşırığına qayıdıb və Tehrana qarşı bombardman əməliyyatında iştirak edib. Lakin bir neçə gün sonra, aprelin 3-də onun idarə etdiyi "F-15E" İran hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Pilot qısa müddətdə xilas edilsə də, təyyarədə olan silah sistemləri üzrə zabit yaralanıb və tutulmamaq üçün Zaqros dağlarında gizlənməyə məcbur olub. ABŞ ordusu sonradan xüsusi əməliyyat keçirərək onu İran ərazisindən çıxarmağa nail olub.
ABŞ hərbi rəsmilərinin bildirdiyinə görə, bu pilot Vyetnam müharibəsindən bəri eyni münaqişə zamanı iki dəfə vurulan və hər iki hadisədən sağ çıxan ilk hərbi pilotdur.
"AzPolitika.info"

Şərhlər