İngiltərədə Çin istehsalı olan yeni nəsil elektron siqaretlərin yaratdığı mümkün kibertəhlükələr ciddi müzakirələrə səbəb olub. 

"AzPolitika" xəbər veri ki, İşçi Partiyasından deputat Qram Dauni hökuməti bu cihazlarla bağlı təcili araşdırma aparmağa çağıraraq onların milli təhlükəsizlik üçün risk yarada biləcəyini bildirib.

Deputatın sözlərinə görə, "Bluetooth" bağlantısı, sensor ekran və mobil tətbiqlərlə inteqrasiya olunan ağıllı elektron siqaretlər istifadəçilərin şəxsi məlumatlarını toplaya və kibercinayətkarlar üçün yeni imkanlar yarada bilər. O hesab edir ki, bu cihazlar vasitəsilə smartfonlara giriş əldə olunması və həssas məlumatların toplanması ehtimalı diqqətlə araşdırılmalıdır.

Məsələ ABŞ-də də narahatlıq doğurub. Bir sıra amerikalı senatorlar daha əvvəl Çin istehsalı olan bəzi elektron siqaretlərin telefonlarla əlaqə quraraq istifadəçilərin məlumatlarına çıxış əldə edə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Mütəxəssislər bildirirlər ki, müasir elektron siqaretlər artıq sadəcə nikotin istehlakı üçün nəzərdə tutulmuş cihazlar deyil. Onlar istifadəçilərin siqaret çəkmə vərdişlərini təhlil edən və müxtəlif məlumatları qeydə alan mobil tətbiqlərlə birlikdə işləyir. Bu isə məlumatların məxfiliyi ilə bağlı əlavə risklər yaradır.

Eyni zamanda Təhlükəsiz Texnologiyalar Koalisiyasının sədri olan Dauni ictimaiyyətin bu təhlükələr barədə məlumatlandırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, istifadəçinin cibində daşıdığı elektron siqaret nəzəri olaraq məlumat toplamaq və ya şəxsin hərəkətlərini izləmək üçün istifadə oluna bilər.

Deputat Çin istehsalı olan və internetə qoşula bilən elektron siqaretlərin Böyük Britaniya bazarında satışının yenidən qiymətləndirilməsinə çağırıb. O qeyd edib ki, milyonlarla belə cihazın istehsal olunduğu Çində dövlətin texnologiya sektoruna geniş nəzarət imkanları mövcuddur və toplanan məlumatların kimlərin əlinə keçə biləcəyi ilə bağlı suallar açıq qalır.

Məsələ ilə bağlı açıqlama verən Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) isə internetə qoşulan hər bir cihaz kimi ağıllı elektron siqaretlərin də müəyyən risklər daşıdığını bildirib. Mərkəz istifadəçilərə əlavə funksiyaların yaratdığı rahatlıqla mümkün təhlükəsizlik risklərini müqayisə etməyi və seçim edərkən ehtiyatlı davranmağı tövsiyə edib.

"AzPolitika.info"