Dünyada yalnız Van gölündə yaşayan inci kefallarının çoxalma mövsümü ilə əlaqədar şirin sulara miqrasiyası davam edir. 

Hər il aprelin 15-dən iyulun 15-dək baş verən bu nadir təbiət hadisəsi zamanı balıqlar yumurta qoymaq üçün axına qarşı hərəkət edərək çaylara üz tutur.

Türkiyənin Van vilayətinin Ərciş rayonunda yerləşən İnci Kefalı Təbiət Parkı bu möhtəşəm köçün ən yaxından izlənilə bildiyi məkanlardan biridir. Axının gücünə qarşı mübarizə aparan və maneələri aşmaq üçün sudan yüksəkliyə sıçrayan balıqlar maraqlı görüntülər yaradır.

Təbiətin bu unikal tamaşasını izləmək üçün hər il minlərlə insan Van gölü sahillərinə üz tutur.

Yerli sakinlərin sözlərinə görə, inci kefallarının köçü bölgə turizminin inkişafına mühüm töhfə verir. İyulun ortalarınadək davam edəcək təbii prosesin bu il də çoxsaylı ziyarətçini bölgəyə cəlb edəcəyi gözlənilir.

"AzPolitika.info"