ABŞ-nin ən sirli hərbi obyektlərindən biri hesab edilən 51-ci Bölgədə xidmət etmiş keçmiş hərbçilər illər əvvəl məruz qaldıqları radiasiyanın ağır xəstəliklərə səbəb olduğunu iddia edirlər.

"AzPolitika" xəbər verir ki, xarici KİV-lərə açpqlama verən hərbçilərdən biri ABŞ hökumətini həqiqətləri gizlətməkdə və keçmiş hərbçiləri taleləri ilə baş-başa buraxmaqda ittiham edirlər.

Qeyd edək ki, söhbət Nevada ştatında yerləşən və 51-ci Bölgəni də əhatə edən Nevada Test və Təlim Poliqonunda (NTTR) xidmət etmiş keçmiş ABŞ Hərbi Hava Qüvvələri əməkdaşlarından gedir. Keçmiş təhlükəsizlik əməkdaşlarının sözlərinə görə, onlar xidmət etdikləri ərazinin radiasiya ilə çirkləndiyi barədə məlumatlandırılmayıblar.

İddialara əsasən, 51-ci Bölgənin yerləşdiyi ərazi 1970-ci illərdə tikilməzdən əvvəl uzun illər nüvə sınaqlarının keçirildiyi məkan olub. Həmin dövrdə ərazidə yüksək səviyyədə radiasiya qalıqlarının mövcud olduğu məlum olsa da, ABŞ hökuməti strateji və hərbi layihələrin davam etdirilməsinə üstünlük verib.

1975-ci ilə aid ABŞ Enerji Araşdırmaları və İnkişafı İdarəsinin hesabatında hərbi layihələrin dayandırılmasının ölkənin milli maraqlarına zidd olacağı qeyd olunub. Bunun nəticəsində obyektin fəaliyyəti davam etdirilib. 1983–1987-ci illərdə NTTR-də xidmət etmiş keçmiş ABŞ Hərbi Hava Qüvvələri çavuşu Devid Krit bildirib ki, həmin bazada işləyən 490-dan çox əməkdaşı sonradan müxtəlif ağır xəstəliklərdən həyatını itirib.

Onun sözlərinə görə, vəziyyəti daha da çətinləşdirən amil ABŞ Veteranlar Nazirliyinin həmin şəxslərin müalicə xərclərini qarşılamaqdan imtina etməsidir. Bunun səbəbi isə keçmiş hərbçilərin 51-ci Bölgə yaxınlığında radiasiyaya məruz qaldıqlarını təsdiqləyən rəsmi sənədlərin olmamasıdır. Keçmiş hərbçilər bildirirlər ki, xidmət etdikləri layihələr son dərəcə məxfi olduğundan bütün məlumatlar “gizlədilmiş məlumatlar” kimi təsnifləşdirilib və onların xidmət tarixçəsi ilə bağlı bir çox sənəd əlçatan deyil.

ABŞ Nümayəndələr Palatasının Veteranlarla İş Komitəsində ifadə verən Devid Krit səhhətində ciddi problemlərin yarandığını açıqlayıb. O bildirib ki, beyninin sol payında kiçilmə prosesi gedir və toxumalar tədricən məhv olur. Krit qeyd edib ki, buna baxmayaraq özünü həmin qrupun sağ qalan üzvləri arasında ən sağlam şəxslərdən biri hesab edir.

Onun sözlərinə görə, həmin bölmədə xidmət edən şəxslərin orta ölüm yaşı təxminən 65-dir. Ən gənc vəfat edən keçmiş hərbçi isə cəmi 33 yaşında dünyasını dəyişib. O əlavə edib ki, indiyədək həmin bazada xidmət etmiş əməkdaşlardan hər hansı birinin 80 yaşa çatdığını eşitməyib.

İddialara görə, radiasiyanın təsirləri yalnız hərbçilərlə məhdudlaşmayıb. Keçmiş əməkdaşların bir çoxunda xidmət dövründən sonra müxtəlif şiş və xərçəng xəstəlikləri aşkarlanıb. Onlar radiasiyanın ailə üzvlərinin sağlamlığına da mənfi təsir göstərdiyini bildirirlər.

Keçmiş hərbçilər hazırda ABŞ hökumətindən xidmət etdikləri dövrdə üzləşdikləri risklərin rəsmi şəkildə tanınmasını və tibbi dəstəyin təmin olunmasını tələb edirlər.

"AzPolitika.info"