Qırğızıstanın sabiq əmək və sosial inkişaf naziri Uluqbek Koçkorov sosial şəbəkələrdə paylaşdığı məlumatla diqqət mərkəzinə düşüb.

"AzPolitika" xəbər verir ki, keçmiş nazir ABŞ-yə köçdükdən sonra "Amazon" şirkətində kuryer kimi fəaliyyət göstərir və müştərilərə sifarişlərin çatdırılması ilə məşğuldur.

O, yeni işi barədə məlumatı gizlətməyərək, hazırkı fəaliyyətindən açıq şəkildə danışıb. Onun sözlərinə görə, xaricə köçdükdən sonra çatdırılma sahəsində çalışmağa qərar verib və gördüyü işə hörmətlə yanaşır.

Keçmiş nazirin paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yüksək vəzifələrdə çalışmış şəxslərin karyerası adətən müşavir postları, direktorlar şuralarında təmsilçilik və ya akademik fəaliyyətlə davam etdiyi halda, Koçkarovun fərqli seçim etməsi bir çox istifadəçinin diqqətini çəkib.

Bununla belə, sabiq məmur yeni fəaliyyətində qeyri-adi heç nə görmədiyini bildirib. Onun fikrincə, insanın daşıdığı vəzifədən asılı olmayaraq, halal zəhmətlə qazanılan hər bir iş eyni dərəcədə dəyərlidir.

O, vurğulayıb ki, istər nazir vəzifəsində çalışmaq, istərsə də bağlama çatdırmaq olsun, əsas məsələ görülən işə məsuliyyətlə yanaşmaq və zəhmətlə qazanc əldə etməkdir.

"AzPolitika.info"