"Microsoft" şirkətinin qurucusu Bill Qeyts Ceffri Epşteyn işi üzrə aparılan araşdırma çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinə könüllü ifadə verib.
Qapalı keçirilən dinləmələr zamanı Qeyts Epşteynin qanunsuz fəaliyyətlərində iştirak etmədiyini, onun adasına, fermasına və ya Floridadakı evlərinə heç vaxt getmədiyini bildirib.
“Onun adasına, fermasına və ya Floridadakı evinə heç vaxt getməmişəm. Heç kimə zərər verməmişəm. Epşteyn mənimlə şəxsi münasibət qurmağa çalışırdı, lakin mənim buna marağım olmayıb və onun bu cəhdlərinə heç vaxt qarşılıq verməmişəm”, – deyə milyarder iş adamı vurğulayıb.
Bill Qeyts bildirib ki, Ceffri Epşteynlə ilk dəfə 2011-ci ildə tanış olub. Onun sözlərinə görə, Epşteyn qlobal səhiyyə layihələri üçün milyardlarla dollar vəsait cəlb edə biləcəyini iddia edirdi. Qeyts Epşteynin keçmişdə hüquqi problemlərlə üzləşdiyini bildiyini, lakin törətdiyi cinayətlərin miqyasını tam anlamadığını qeyd edib.
“Ən əvvəldən onunla görüşməməli idim. Bu, böyük səhv idi. O, görüşlərimizi öz maraqları üçün istifadə etməyə çalışırdı”, – deyə Qeyts bildirib.
İş adamı sonradan Epşteyndən uzaqlaşmağa çalışdığını, lakin onun keçmiş şəxsi həyatı ilə bağlı məlumatlardan istifadə edərək yenidən əlaqə yaratmağa çalışdığını da iddia edib:“Epşteyn müxtəlif yalanlarla yanaşı, keçmişdəki şəxsi münasibətlərimlə bağlı məlumatlardan istifadə edərək mənə təzyiq göstərməyə çalışırdı”.
Qeyd edək ki, amerikalı maliyyəçi Ceffri Epşteyn 2002–2005-ci illərdə azyaşlı qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 2019-cu ildə həbsxanada ölü tapılıb. ABŞ rəsmiləri onun ölüm səbəbinin intihar olduğunu açıqlayıblar.
"AzPolitika.info"

Şərhlər