Menu

BANKLAR QAZANCLARININ BİR HİSSƏSİNİ BU SAHƏLƏRƏ AYIRSIN... – Vergi güzəştləri təklif olunur

27.11.2026, 09:40
BANKLAR QAZANCLARININ BİR HİSSƏSİNİ BU SAHƏLƏRƏ AYIRSIN... – Vergi güzəştləri təklif olunur

Dünyada bankların mədəniyyətə, incəsənətə və ədəbiyyata maliyyə dəstəyi göstərməsi geniş yayılmış təcrübələrdən biridir. Bir sıra ölkələrdə maliyyə qurumları korporativ sosial məsuliyyət çərçivəsində teatrların, muzeylərin, kitab nəşrlərinin, kino və rəssamlıq layihələrinin maliyyələşdirilməsində iştirak edirlər. Bəzi dövlətlərdə isə şirkətlərin mədəniyyət layihələrinə ianə etməsi vergi güzəştləri ilə təşviq olunur.Azərbaycanda da bankların bu beynəlxalq təcrübədən yararlanaraq mədəniyyət və sənət sahələrinə daha sistemli dəstək göstərməsi məsələsi aktuallıq qazanır. 

Azərbaycanda bankların illik gəlirlərinin müəyyən hissəsini mədəniyyətə, ədəbiyyata və incəsənətə yönəltməsi üçün hansı təşviq mexanizmləri tətbiq oluna bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-tədqiqatçı, alim Elşad Ərşadoğlu Əliyev bildirib ki, bankların mədəniyyət, ədəbiyyat və incəsənət layihələrinə maliyyə dəstəyi göstərməsini təşviq etmək üçün müxtəlif vergi güzəştləri və stimullaşdırıcı mexanizmlər tətbiq oluna bilər.

Onun sözlərinə görə, maliyyə qurumlarının bu sahələrə vəsait ayırmağa marağını artırmaq üçün dövlət müəyyən vergi üstünlükləri nəzərdə tutmalı, mədəniyyət və sənət layihələrinə dəstək göstərən banklar bu təşviqlərdən yararlana bilməlidir: "Bu cür güzəştlər bankların mədəniyyət sahəsindəki təşəbbüslərə yalnız sosial məsuliyyət öhdəliyi kimi deyil, eyni zamanda stimullaşdırılan fəaliyyət istiqaməti kimi yanaşmasına şərait yarada bilər. Belə bir yanaşmanın tətbiqi üçün dövlət tərəfindən vahid proqram hazırlanması vacibdir. Bankların mədəniyyət, ədəbiyyat, incəsənət və digər humanitar sahələrə maliyyə vəsaiti ayırması məhz həmin proqram çərçivəsində təşviq edilməlidir. Proqramın müəyyən prinsiplər və meyarlar əsasında qurulması, maliyyə dəstəyinin ayrı-ayrı şəxslərin və ya qurumların təşəbbüslərindən asılı olmadan daha sistemli şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı”.

Ekspert əlavə edib ki, bu, ayrı-ayrı və epizodik təşəbbüslərdən ibarət olmaqla məhdudlaşmamalı, davamlı və sistemli fəaliyyət mexanizminə çevrilməlidir: “Bankların hansı istiqamətlər üzrə layihələrə dəstək verə biləcəyi, maliyyə vəsaitlərinin necə yönəldiləcəyi və bu təşəbbüslərin hansı çərçivədə həyata keçiriləcəyi vahid proqram əsasında müəyyənləşdirilə bilər. Belə bir yanaşma mədəniyyət və incəsənət layihələrinin maliyyələşdirilməsində daha koordinasiyalı fəaliyyətə imkan yaradar”.

E.Əliyevin fikrincə, dövlətin tətbiq edəcəyi təşviq mexanizmləri bankların bu sahələrə maliyyə ayırmasını stimullaşdırmaq baxımından mühüm rol oynaya bilər: “Nəticədə, bank sektorunun maliyyə imkanlarından mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafı istiqamətində daha geniş istifadə olunması, bu sahələrə ayrılan dəstəyin davamlı xarakter alması mümkün olar”.

Oğuz Ayvaz

"AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol