Azərbaycanda səhiyyə xidmətlərinin əlçatanlığı təkcə tibb müəssisələrinin sayı və texniki təchizatı ilə deyil, həmin müəssisələrdə çalışan mütəxəssislərin peşəkar səviyyəsi və bölgüsü ilə də bağlıdır. Paytaxtla regionlar arasında tibbi kadr təminatında yaranan fərqlər bəzi ixtisaslar üzrə vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardım almasını çətinləşdirə bilər. Xüsusilə gənc mütəxəssislərin iş seçimi zamanı əməkhaqqı, yaşayış şəraiti, peşəkar inkişaf imkanları və infrastruktur kimi amilləri nəzərə alması bölgələrdə kadr təminatını aktual problemə çevirir.
Regionlarda həkim işləməyə marağı artırmaq üçün hansı iqtisadi və peşəkar stimullar yaradılmalıdır? Dövlət hesabına rezidentura təhsili alan mütəxəssislərin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərməsini təmin etmək üçün hansı mexanizmlər tətbiq oluna bilər?

Bu barədə “AzPolitika”ya açıqlamasında həkim-terapevt Məlahət Hümmətqızı deyib ki, səhiyyə xidmətlərinin əlçatanlığı yalnız tibb müəssisələrinin mövcudluğu və onların texniki təchizatı ilə ölçülmür. Burada əsas amillərdən biri də tibbi kadrların düzgün bölgüsü, ixtisaslı mütəxəssislərin sayı və onların peşəkar hazırlıq səviyyəsidir.
Onun sözlərinə görə, xüsusilə ilkin səhiyyə xidmətində həkim çatışmazlığı və kadrların qeyri-bərabər paylanması əhalinin vaxtında tibbi yardıma müraciət etməsinə, xəstəliklərin erkən aşkarlanmasına və profilaktik tədbirlərin effektivliyinə təsir göstərir: “Hesab edirəm ki, regionlarda həkim fəaliyyətinə marağı artırmaq üçün ilk növbədə əməkhaqqı sistemi diferensiallaşdırılmalıdır. Kadr çatışmazlığı olan ərazilərdə çalışan həkimlərə əlavə əməkhaqqı, kirayə və ya xidməti mənzil, nəqliyyat və digər sosial güzəştlər nəzərdə tutulmalıdır. Çünki gənc mütəxəssis yalnız iş yeri deyil, həm də normal yaşayış və ailəsinin sosial təminatı baxımından perspektiv görməlidir.
Digər vacib məsələ peşəkar inkişafdır. Müasir tibbdə diaqnostika və müalicə protokolları daim yenilənir. Regionlarda çalışan həkimlərin davamlı tibbi təhsil proqramlarına, ixtisasartırma kurslarına, klinik təlimlərə və telemedisin imkanlarına çıxışı təmin olunmalıdır. Eyni zamanda, region xəstəxanalarının müasir diaqnostik avadanlıqlarla təchizatı, laborator xidmətlərin gücləndirilməsi vacibdir. Çünki ixtisaslı həkimin biliyi və təcrübəsi lazımi tibbi infrastrukturla dəstəklənmədikdə keyfiyyətli xidmətin təmin olunması çətinləşir”.
M.Hümmətqızı qeyd edib ki, dövlət hesabına rezidentura təhsili alan mütəxəssislərin regionlarda fəaliyyətinə gəldikdə isə, bu istiqamətdə dövlət sifarişi ilə kadr hazırlığı real ehtiyaclar əsasında planlaşdırılmalıdır: “Hansı regionda hansı ixtisas üzrə həkim çatışmazlığı varsa, rezidentura yerlərinin bölgüsü də həmin ehtiyaclara uyğun aparılmalıdır. Dövlət hesabına təhsil alan mütəxəssislərin müəyyən müddət regionlarda işləməsi ilə bağlı öhdəlik mexanizmi tətbiq oluna bilər. Lakin bu öhdəlik müvafiq sosial təminat, yaşayış şəraiti və əməkhaqqı stimulları ilə müşayiət edilməlidir”.
Həkimin fikrincə, bu məsələyə yalnız kadr çatışmazlığı kimi deyil, bütövlükdə səhiyyə sisteminin strateji inkişafı kontekstində yanaşmaq lazımdır: “Məqsəd sadəcə həkimi regiona göndərmək deyil, orada davamlı və keyfiyyətli tibbi xidmət göstərə biləcək peşəkar mühit formalaşdırmaqdır. Unutmamalıyıq ki, tibbi yardımın keyfiyyəti ilk növbədə insan resurslarının keyfiyyətindən başlayır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər