Avropada ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşnerin Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsi prinsipləri əsasında təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasına son dərəcə skeptik yanaşılıb. Bu barədə Fransanın "Le Monde" nəşri yazır.
"AzPolitika" xəbər verir ki, noyabrın 19-da Cared Kuşner Rusiyanın Ukrayna üçün müharibədən sonrakı dövrdə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddə prinsiplərinə əsaslanan təhlükəsizlik zəmanətləri ilə tam razılaşdığını bəyan etmişdi. Lakin Moskva bu iddianı dərhal təkzib edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu cür “kreativ həllərin” Rusiya üçün qəbuledilməz olduğunu bildirib.
"Le Monde" qeyd edir ki, Kuşnerin təklifi avropalılarda da təəccüb doğurub və onlar NATO-nun “yarımçıq” üzvü olmağın mümkünsüzlüyünü vurğulayıblar. Alyansa üzv ölkələrdən birinin diplomatı nəşrə açıqlamasında deyib: ““5-ci maddəyə yaxın” nə deməkdir? Ya NATO-dasınız, ya da ondan kənarda. Aralıq vəziyyət mövcud deyil”.
Məqalədə bildirilir ki, Avropa həm Aİ ölkələri, həm də Kiyev üçün uzunmüddətli təhlükəsizliyi təmin etmək məqsədilə danışıqlar masası arxasında yer almağa çalışır. Bu fonda Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü məsələsini yenidən açıq şəkildə gündəmə gətirib.
Onu Almaniya kansleri Fridrix Merts də dəstəkləyərək, Kiyevin hələ iyirmi il əvvəl Alyansa qəbul edilməməsindən təəssüfləndiyini bildirib: “Düşünürəm ki, bu gün hamımız - xüsusilə geriyə boylandıqda 2008-ci ildə NATO-nun Buxarest sammitində ABŞ-ın Ukraynanın Alyansa qəbul edilməsi təklifini dəstəkləməməyin nə qədər böyük səhv olduğunu görürük. Əgər o vaxt NATO üzvü olsaydı, yəqin ki, bu müharibədən yayınmaq mümkün olardı”.
Nəşr diqqətə çatdırır ki, Merts bu çıxışı zamanı vaxtilə məhz Almaniya və Fransanın belə genişlənməyə qarşı çıxdığını xatırlatmayıb. Vaasa Universitetinin Rusiya üzrə eksperti Hanna Smit isə məsələni belə şərh edib: “Ukrayna güclü ordu yaratmağa başlayır. Onun NATO-dan kənarda deyil, məhz Alyansın tərkibində olması daha yaxşıdır”.
Xatırladaq ki, bundan əvvəl KİV-də ABŞ-ın Ukraynaya güzəştlər müqabilində iki mümkün ssenari təklif etdiyi barədə məlumatlar yayılıb. Birinci ssenariyə əsasən, Ukrayna tamhüquqlu NATO üzvlüyü müqabilində Donbas ərazilərinə nəzarətdən imtina etməlidir. İkinci ideya isə münaqişənin cəbhə xətti boyunca dondurulmasını (Donbasın bir hissəsinin Ukraynanın nəzarətində qalması şərtilə) və Rusiyanın gələcək hücumlarından qorunmaq üçün Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur. Ukrayna Prezidenti Volodimir Zelenski isə hesab edir ki, NATO-ya tamhüquqlu üzvlük Alyansın nizamnaməsinin 5-ci maddəsini xatırladan hər hansı təhlükəsizlik zəmanətindən qat-qat səmərəlidir.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər