İsraildə yeni hökumətin formalaşdırılması istiqamətində növbəti siyasi addım atılıb: Qadi Ayzenkotun rəhbərlik etdiyi "Yaşar!" Partiyası və Yair Qolanın sədrlik etdiyi Demokratik Partiya koalisiya sazişi barədə razılıq əldə edib.
"AzPolitika" xəbər verir ki, tərəflər arasında nazir postlarının bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları səbəbindən çərşənbə axşamı dayandırılan danışıqlar uğurla yekunlaşıb.
İmzalanan sazişə əsasən, Demokratik Partiyanın nümayəndələri yeni kabinetdə dörd nazir portfelinə, o cümlədən hazırda ifrat sağçı siyasətçi İtamar Ben-Qvirin başçılıq etdiyi Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edəcəklər.
Qeyd edək ki, Qadi Ayzenkot bundan əvvəl Aviqdor Libermanın partiyası ilə də oxşar koalisiya razılaşması əldə etmişdi. Buna baxmayaraq, müxalifət bloku parlament çoxluğunu qazanmaqdan hələ də uzaqdır - Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatın əvəzinə, bloka daxil olan qüvvələr hazırda cəmi 36 yerə sahibdir.
Danışıqlar prosesində əsas çətinliklər ərəb partiyaları ilə mümkün əməkdaşlıq və hazırkı Baş nazir Benyamin Netanyahunun partiyasının iştirakı ilə milli birlik hökumətinin yaradılması ətrafındakı fikir ayrılıqları ilə bağlıdır. Belə ki, Aviqdor Liberman Netanyahu ilə hər hansı razılaşmaya qarşı çıxaraq, onun prosesi uzadıb ölkəni yeni seçkilərə apara biləcəyini bildirir.
Keçmiş baş nazir Naftali Bennet isə ərəb və ultra-ortodoks partiyaları prosesdən kənarda saxlamaq şərti ilə Ayzenkot və Netanyahunun birgə rəhbərliyi altında milli birlik hökumətinin qurulmasını təklif edir.Qadi Ayzenkotun hökuməti formalaşdırmaq üçün dekabrın 6-dək vaxtı var. Ehtiyac yaranarsa, o, Prezident İsxak Hersoqdan bu müddətin daha iki həftə uzadılmasını xahiş edə bilər.


Şərhlər