Pensiyaçılar cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan sosial təbəqələrindən biridir. Onlar uzun illər ərzində çalışaraq ölkənin inkişafına töhfə verirlər. Lakin pensiya dövründə məhdud maddi imkanlarla üzləşə bilirlər. Xüsusilə, işıq, qaz, su və digər kommunal xərclərin ödənilməsi onların gündəlik həyatına ciddi təsir göstərə bilər. Bu baxımdan, pensiyaçılar üçün kommunal güzəştlərin genişləndirilməsi məsələsi sosial müdafiənin gücləndirilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs pensiyaçılar üçün kommunal güzəştlər genişləndirilməlidirmi?
Mövzunu "AzPolitika"ya şərh edən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Azərbaycanda yalnız pensiyaçı statusuna görə xüsusi kommunal güzəştlərin tətbiq edilməsi praktik baxımdan çətindir:
"Məntiqi yanaşsaq, pensiyaçıların böyük əksəriyyəti ayrıca mənzildə tək yaşamır, ailə təsərrüfatının üzvü kimi digər gəlirli insanlarla bir evdə qalırlar. Digər tərəfdən, məsələn, evdə yalnız yaşlı pensiyaçı ər-arvadın yaşadığı və yeganə gəlir mənbəyinin təqaüd olduğu ailələri dəqiq müəyyən etmək üçün ailə təsərrüfatlarına dair tam statistik məlumatlar olmalıdır. Hazırda isə bu istiqamətdə vahid qiymətləndirmə mexanizmi mövcud deyil. Bununla belə, həssas sosial qruplara kommunal dəstəyin göstərilməsinin fərqli yolları var. Əgər ailə başçısı pensiyaçıdırsa, əmək qabiliyyətini itirmiş əlildirsə və ya kommunal ödənişləri həyata keçirən şəxs ailə başçısını itirməyə görə müavinət alırsa, həmin kateqoriyalara güzəştlər tətbiq edilə bilər. Hazırda Azərbaycanda 190 min nəfərə yaxın şəxs ailə başçısını itirməyə görə müavinət alır. Onların himayəsində azyaşlı övladları var və həmin valideyn işləmədiyi üçün bu müavinətlə dolanır. Bu qəbildən olan ailələrə və sosial kateqoriyalı əlilliyi olan şəxslərə kommunal dəstəyin verilməsi tamamilə məqsədəuyğundur".

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə, xüsusilə Slovakiya, Rumıniya və bir sıra digər Şərqi Avropa ölkələrində bu model tətbiq olunur:
"Həmin ölkələrdə əsas kommunal ödənişləri həyata keçirən ailə başçısı aztəminatlıdırsa, əlildirsə və ya təqaüdçüdürsə, onun aylıq müavinət və ya pensiyasının üzərinə kommunal xərcləri qarşılamaq üçün əlavə vəsait ödənilir. Azərbaycanda da bu təcrübədən yararlanmaq olar. Lakin ailə tərkibi ilə bağlı müvafiq məlumat bazaları hələ tam formalaşdırılmayıb. Məhz bu səbəbdən indi sosial qruplar və mənzil təsərrüfatları üzrə ünvanlı güzəştlərin tətbiqində çətinliklər yaranır və dünya təcrübəsini birbaşa tətbiq etmək mümkün olmur. İlk növbədə dəqiq statistik baza formalaşdırılmalıdır. Bu məlumatlar dəqiqləşdirildikdən sonra rəqəmsal sistem bazaları avtomatik təhlil edərək güzəştləri iki formada icra edə bilər: ya aylıq sosial ödənişlərə əlavə vəsait şəklində, ya da istifadə olunan kommunal xidmətlər üzrə müəyyən güzəşt limiti tətbiq etməklə. Hələlik bu proses real görünməsə də, müvafiq rəqəmsal infrastruktur qurulduqdan sonra reallaşdırılması tamamilə mümkündür. Bu addımın atılması əhalinin sosial rifahına və yaşayış səviyyəsinə çox ciddi müsbət təsir göstərəcək".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər