Menu

Kiyev və Ankara arasında enerji müzakirələri: Odessada mobil stansiyalar qurulacaq

26.11.2026, 22:08
Kiyev və Ankara arasında enerji müzakirələri: Odessada mobil stansiyalar qurulacaq

Ukrayna elektrik enerjisi istehsalı üçün avadanlıq tədarükü və qaz sektorunun inkişafı da daxil olmaqla, Türkiyə ilə enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Türkiyənin "Aksa Energy" şirkətinin nümayəndə heyəti ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində bildirib.

"Hazırda böyük şəhərlərin tələbatını ödəmək üçün azı 100 mobil dizel generatoruna ehtiyac var. Biz həmçinin qaz generatorlarının və enerji saxlama sistemlərinin tədarükündə maraqlıyıq", - o yazıb.

Nazirin sözlərinə görə, görüşdə Ukraynanın Odessa vilayətinin enerji müstəqilliyinin gücləndirilməsinə xüsusi diqqət yetirilib.

"Biz mobil elektrik stansiyalarının yerləşdirilməsi layihələrinin, xüsusən də Odessa və İzmailin tələbatının təmin edilməsi üzrə bərpası imkanlarını müzakirə etdik. Bu layihələrin bərpası üzərində birgə işləmək barədə razılığa gəldik", - Şmıqal bildirib.

O, qaz sektorunu Ukrayna-Türkiyə əməkdaşlığının perspektivli istiqaməti adlandırıb.

"Ukrayna qazın saxlanması və sonradan Avropa ölkələrinə tədarük edilməsi üçün istifadə oluna biləcək əhəmiyyətli yeraltı qaz anbarı güclərinə malikdir", - nazir vurğulayıb.

Bundan əlavə, Şmıqal Ukraynanın enerji sektoruna göstərilən dəstəyə və praktiki əməkdaşlığı genişləndirməyə hazır olduqlarına görə türkiyəli tərəfdaşlara təşəkkür edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol