Avropa İttifaqı (Aİ), Kremlin Ermənistana qarşı tətbiq etdiyi ağır idxal qadağalarının fəsadlarını yumşaltmaq və İrəvana dəstək olmaq üçün təcili ticarət tədbirləri hazırlayır.
“AzPolitika” xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Avropa Komissiyasının planlarına yaxın olan dörd fərqli mənbəyə istinadən məlumat yayıb. Brüsselin hazırladığı xüsusi paketə əsasən, Ermənistandan gətirilən ərzaq və kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumlarının kəskin şəkildə azaldılması nəzərdə tutulur. Bu güzəştlər Rusiyanın qadağa siyahısına saldığı təxminən 20 əsas əmtəə qrupunun böyük hissəsini əhatə edəcək.
Nəşrə danışan avropalı diplomatlardan biri vəziyyəti belə şərh edib: "İndi bizim fəallaşmaq, onlara dəstək olmaq və etibarlı tərəfdaş ola biləcəyimizi nümayiş etdirmək zamanımızdır. Ermənistanın dosta ehtiyacı var, bizim isə qonşuluğumuzdakı coğrafiyanı qorumağımız mütləqdir".
Bununla belə, FT-yə danışan mənbələr qeyd edir ki, Brüssel Moskvanın Ermənistana qarşı ticarət təzyiqlərini və embarqoları daha da sərtləşdirə biləcəyindən ciddi narahatdır. Ermənistana dəstək təkliflərinin yaxın bir neçə həftə ərzində rəsmən təqdim ediləcəyi gözlənilir.
Avropa Komissiyasının rəsmi nümayəndəsinin müavini Olof Gill məsələ ilə bağlı bildirib: "Komissiya daha çox Ermənistan müəssisəsinin Aİ-də yeni bazar imkanları əldə etməsinə kömək etmək və ölkə iqtisadiyyatının ən çox zərər çəkmiş sahələrini dəstəkləyin deyə xüsusi ticarət mexanizmləri təklif edəcək".
Rusiya Ermənistandan gətirilən meyvə, tərəvəz, gül-çiçək, balıq, spirtli içkilər, mineral sular və digər məhsulların idxalına məhdudiyyətləri hələ parlament seçkiləri ərəfəsində - Baş nazir Nikol Paşinyanın Aİ ilə yaxınlaşma planları barədə bəyanatlarından sonra tətbiq etməyə başlamışdı.
Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası seçkilərdə 49,745% səs toplayaraq qalib gəldikdən sonra isə Moskva Ermənistandan gələn "karantin nəzarətində olan məhsulların" idxalını tamamilə qadağan edib. Bu siyahıya kənd təsərrüfatı məhsulları, un, bitkilər, odun, heyvandarlıq üçün yem və toxuculuq xammalı daxil olmaqla, ümumilikdə 130-dək ad altında məhsul daxildir.
Bu iqtisadi sanksiyalar İrəvanın Avropaya doğru atdığı addımlara görə Kremlin kəskin ritorikası fonunda baş verir. Diqqətçəkən digər məqam isə Rusiya Prezidenti Vladimir Putinin indiyə qədər Paşinyanı seçkidəki qələbəsi münasibətilə təbrik etməməsidir.
Xatırladaq ki, seçkilərə iki gün qalmış Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin Ermənistan üçün ilkin həcmi ən azı 50 milyon avro olan maliyyə yardımı paketi formalaşdırdığını elan etmişdi.
İrəvandakı "Regional Araşdırmalar Mərkəzi"nin direktoru Riçard Kirakosyan FT-yə bildirib ki, həmin 50 milyon avro çox sürətlə ayrılıb və ilk növbədə Rusiyanın qəbul etmədiyi gül-çiçək və digər tez xarab olan məhsulların təcili satınalınmasına yönəldilib. İndi isə Brüssel daha irəli gedərək, Ermənistan ixracatını tamamilə öz bazarlarına inteqrasiya etməyi hədəfləyir.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər