ABŞ və İran arasında “müharibə və danışıqlar” vəziyyətinin davam etməsi fonunda qarşıdurmanın düyün nöqtəsinə çevrilən Hörmüz boğazında toqquşmalar dayanmır. Bir tərəfdən Vaşinqton İrana qarşı iqtisadi blokadanı dərinləşdirmək məqsədilə boğaza nəzarəti gücləndirir, digər tərəfdən, Tehran keçid üzərində öz qaydalarını tətbiq etməklə yanaşı, neft daşınmasında müxtəlif üsullardan istifadə edir.
Hörmüz boğazında yaranmış mövcud vəziyyətin hər iki tərəfin əleyhinə olduğu görünür:
- Tehranın blokadası ABŞ-ın müdaxiləsinə zəmin yaradıb ki, bu da İranın neft ixracatına problemlər yaradır.
- Vaşinqtonun keçidi təmin etmək məqsədilə həyata keçirdiyi müdaxilə boğazda qarşıdurmaya və daşımaların məhdudlaşmasına səbəb olub ki, bu da qlobal enerji bazarında ABŞ-ın arzulamadığı dalğalanmaları kəskinləşdirir.
Buna baxmayaraq, tərəflərdən heç biri geri addım atmaq niyyətində deyil. Hörmüz boğazı İran üçün əsas “strateji çəkindirmə” vasitəsinə çevrilib, ABŞ da bu rıçağı onun əlindən almaq məqsədilə sərt addımlardan çəkinmir. Nəticə etibarilə, ABŞ və İran arasında geniş miqyaslı müharibədən sonra Hörmüz boğazında lokal toqquşmalar yaşanır.
Hörmüz boğazında nə baş verir?
Ötən həftənin sonu SEPAH Hörmüz boğazında “ən kəskin hücum və müdafiə əməliyyatını” həyata keçirdiyini bildirdi. İddia etdi ki, İranın Hərbi Hava Qüvvələri boğazın qərbində ABŞ-a məxsus “MG-9 Reaper” kəşfiyyat-zərbə təyinatlı pilotsuz uçuş aparatını vurub.
ABŞ-a məxsus PUA-ların boğazdan keçmək istəyən kommersiya gəmilərini havadan mühafizə etdiyi deyilir. SEPAH isə iddia edib ki, müharibə başlayandan indiyə qədər 60-a yaxın ABŞ PUA-sını vurublar. Bununla yanaşı, SEPAH Hörmüz boğazından İranın qaydalarına tabe olmadan neft daşıyan tankerlərin də hədəfə alındığını bildirir.

Son 10 günün – 10-21 noyabr tarixlərinin statistikası boğazda baş verənlərin real mənzərəsini ön plana çıxarır:
- 10-da SEPAH icazəsiz marşrutla hərəkət etdiyini əsas gətirərək, üç neft tankerini partlatdığını açıqlayıb.
- 11-də İran tərəfi biri minaya düşən supertanker olmaqla, iki tankerdə partlayışın olduğu məlumatını yayıb. Bu tankerlərin ABŞ aviasiyasının mühafizəsi altında hərəkət etdiyi bildirilirdi.
- 12-də “Röyters” İran mənbələrinə istinadən, Hörmüz boğazında 4 neft tankerinin partlayış nəticəsində ciddi zədələndiyi məlumatını yayıb.
- 13-də SEPAH boğazın cənub hissəsində qaz daşıyan gəminin minaya düşərək, partladığını açıqlayıb.
- 12-də İran tərəfi iki milyon bareldən çox xam neft daşıyan supertankerin minaya düşərək, partladığı məlumatını yayıb.
- 17-də altı gəminin minaya tuş gəldiyi və yandığı məlumatları yayıldı.
- 18-də SEPAH suppertanker və qaz daşıyan gəminin minaya düşərək, partladığını elan etdi.
- 19-da ümumilikdə 4 milyon bareldən çox neft daşıyan iki böyük tankerin minaya düşdüyü məlumatları yayıldı. SEPAH isə boğazın şəraq sahilində icəsiz keçməyə çalışan üç tankerin partladığını açıqlayıb.
- 20-də daha bir neft tankeridə yanğın baş verdi: SEPAH gəminin minaya düşdüyünü, Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) isə mərmi ilə vurulduğunu bildirib.
- 21-də Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları İdarəsi boğazda iki tankerin hədəfə çevrildiyi məlumatını yayıb.
Bu, noyabrın ikinci on günlüyündə baş verənlərdir. Oktyabr ayında isə boğazda 35 gəmi hədəfə alınıb. İran hücumları boğazdan icazəsiz keçid cəhdlərinin qarşısını almaq məqsədilə etdiyini bəyan edir. ABŞ da öz növbəsində İranın boğazdakı blokadasını aşmaq və təhlükəsiz keçid təmin etmək üçün addımlar atır. Paralel olaraq, İrana qarşı blokadanı sərtləşdirir.

Yeni qaydalar: ABŞ gəmilərə hücum edəcək
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazındakı blokadanın tətbiqi qaydalarını genişləndirib. Yeni qaydalara görə, açıq dənizdə bir gəmidən digərinə yük ötürülməsinə qarşı sərt tədbirlər görüləcək. Çünki İranın yükləri bu yolla nəzarətdən yayındıraraq, daşıdığı, yaxud limanlarına qəbul etdiyi məlumatları var.
Buna görə açıq dənizdə yük qəbul edən gəmilər İran bayrağı daşımasa da, blokadadan yayınanlar kateqoriyasına daxil ediləcək. ABŞ qüvvələrinə belə gəmiləri saxlamaq, yoxlamaq və ya ələ keçirmək səlahiyyəti verilib. Bu, boğazda daşımalara əlavə problemlər yaradır. Belə demək mümkünsə, ABŞ-ın Hörmüz boğazında təhlükəsiz keçidi təmin etmək məqsədilə həyata keçirdiyi müdaxilə blokadanı daha da dərinləşdirib.
ABŞ və İran arasında qalan gəmilər
Boğazdan keçən kommersiya gəmiləri ABŞ və İran blokadası arasında dilemmativ vəziyyətə düşüb:
- İran Hörmüzdə öz qaydalarını tətbiq edib: yük daşıyan gəmilər İran sahillərinə yaxın yollardan hərəkət etməli və keçidi Tehranla əlaqələndirməlidir. Buna əməl etməyən gəmilər hücum təhlükəsi ilə üzləşirlər.
- ABŞ özünün tətbiq etdiyi blokada qaydalarına riayət edilməsini istəyir, bundan yayınmaqda şübhəli bilinən gəmilərə güc tətbiq ediləcəyi xəbərdarlığını edir: yenilənən qaydalar kommersiya gəmilərinin sərbəst hərəkətini daha da məhdudlaşdırıb.
Nəticədə kommersiya gəmiləri iki tərəfdən birinin – İranın, yaxud ABŞ-ın hədəfinə çevrilmə riski ilə üzləşib. Çünki yük daşıyan gəmi Tehranın qaydalarına əməl etməsə, hücuma məruz qalacaq. İran ABŞ-ın mühafizə tədbirlərinə rəğmən, belə gəmilərə hücumlar həyata keçirə bilir. ABŞ-ın qaydalarına əməl etməsə, yenə müdaxilə ilə üzləşəcək. Bu vəziyyəti kifayət qədər mürəkkəbləşdirib.

Məlumatlara görə, kommersiya gəmilərinin Hörmüz boğazından keçməsi ən bahalı daşıma hesab olunur. Xüsusilə sığorta qiymətləri fantastik həddə çatıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsini icra edən Hunq Kao Senatda dinləmələr zamanı bildirib ki, kommersiya gəmisinin boğazdan bir dəfə keçməsi üçün sığorta haqqı 64 milyon dollardır, halbuki, müharibədən öncə bu, 54 min dollar olub. OPEC-in məlumatlarına görə isə, Yaxın Şərqdən Şərqi Asiyaya xam neft daşıyan tankerlərin sığorta xərcləri oktyabrın sonuna qədər 200 dəfədən çox artıb. Sığortanın bahalaşması qlobal bazarda neft, qaz, gübrə və digər malların qiymətlərinin artmasına səbəb olur.
İranın təhlükəli strategiyası
Problem təkcə qiymət artımı ilə yekunlaşmır. Yaranmış vəziyyət boğazda aktiv döyüşlərin başlanmasına səbəb ola bilər. Və yaxın günlərdə bunun şahidi ola bilərik. Çünki ABŞ blokadasını yarmaq üçün yükləri gəmidən gəmiyə ötürən İran açıq meydan oxumaq qərarındadır.
Məlumatlara görə, Xark adası yaxınlığında İrana məxsus 14 tanker hazır vəziyyətə gətirilib. Yaxın günlərdə gəmi karvanının Oman körfəzinə doğru hərəkət edəcəyi gözlənilir. İranın məqsədi mümkün olan hər iki ssenaridə qazanmaqdır.
- ABŞ gəmi karvanına müdaxilə edərsə, bu, boğazda toqquşmanın baş verməsi və keçidin daha da təhlükəli hala gəlməsi deməkdir. Digər tərəfdən, İran cavab olaraq, Fars körfəzi ölkələrinin enerji infrastrukturuna zərbələr endirəcəyini bəyan edib ki, bu da regionda hərbi toqquşmaların yenidən alovlanması ilə nəticələnə bilər.
- ABŞ gəmi karvanına müdaxilə etməsə, İrana qarşı blokada planının iflası və geri çəkildiyini qəbul etmək deməkdir.
İran Hörmüz boğazını ABŞ üçün siyasi və iqtisadi baxımdan, “Qordi düyünü”nə çevirmək strategiyasını tətbiq edir. Bu düyünü çözə bilməyən ABŞ-ın sərt addımları da Hörmüzdə toqquşma riskini hər keçən gün daha da artırır.
Nəriman
"AzPolitika.info"


Şərhlər