Menu

Azərbaycanla Vyetnamın “turizm balansı”... - Və vyetnamlılar üçün yeni kəşf edilən ölkə

20.11.2026, 20:34
Azərbaycanla Vyetnamın “turizm balansı”... - Və vyetnamlılar üçün yeni kəşf edilən ölkə

Ötən il Vyetnamdan Azərbyacana cəmi 1031 turist gəlib. Təbii ki, kiçik rəqəmdir. Lakin nəzərə alsaq ki, daha əvvəlki ildə ölkəmizə cəmi 579, 2023-cü ildə 402, 2022-ci ildə 146, 2021-ci ildə isə cəmi 14 vyetnamlı gəlmişdi, o zaman qısa müddətdə bir neçə dəfəlik artım baş verdiyini görərik. Bu, həm də onu göstərir ki, Azərbaycan vyetnamlılar üçün hələ yeni-yeni kəşf edilir…

Təkcə 2024-cü illə ötən il arasındakı fərq 2 dəfəyə yaxındır ki, bu da müsbət artım tendensiyasından xəbər verir.

Bu məsələyə Azərbyacan Prezidentinin Vyetnama rəsmi səfəri kontekstində baxsaq, həmin səfər və ümumilikdə ölkələrimiz arasında münasibətlərin yaxınlaşması digər sahələrlə yanaşı, iqtisadi əlaqələrdə də sıçrayışa zəmin yaradır. Turizm isə həmin əlaqələrdə mühüm rol oynaya bilər.

Məlumat üçün qeyd edək ki, 2025-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu(ATB) Vyetnamın Ho Şi Min və Hanoy şəhərlərində keçirilən tədbirlər vasitəsilə ölkənin turizm potensialını təqdim edərək Vyetnam bazarından turist cəlbinin artırılması istiqamətində əhəmiyyətli addımlar atıb. Azərbaycan 4–6 sentyabr 2025-ci il tarixlərində Ho Şi Min şəhərində baş tutan 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) tarixdə ilk dəfə öz milli stendi ("Experience Azerbaijan") ilə təmsil olunub. Sərgidə həmçinin, Absheron Hotel Group, MICE&Travel və Wonderway Travel kimi yerli turizm şirkətləri, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Sərgi iştirakçılarına Azərbaycanın zəngin mədəni irsi, təbii mənzərələri və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər, Qobustan və Şəki kimi məkanlar haqqında ətraflı məlumat verilib.

8 sentyabrda Azərbaycan Turizm Bürosu(ATB), Azərbaycanın Vyetnamdakı səfirliyi və Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı ilə təqdimat tədbiri keçirilib. Tədbirdə diplomatik nümayəndəliklərin təmsilçiləri, turizm agentlikləri və tələbələr iştirak ediblər. Səfər çərçivəsində səfir Şövqi Mehdizadənin iştirakı ilə Vyetnam Milli Turizm Administrasiyası və "VietJet Air" aviaşirkətinin rəhbər heyəti ilə ikitərəfli turizm və aviasiya əməkdaşlığı perspektivləri müzakirə olunub.


Bütün bunları ona görə qeyd edirik ki, Vyetnam bütün dünyanın diqqət mərkəzində olan turizm məkanlarından biridir və orada turizm sektoru ilə bağlı keçirilən tədbirlərə, sərgilərə bütün dünyadan qonaqlar gəlir. Bu baxımdan Azərbaycanın belə məkanlarda təmsil olunması önəmlidir.

Qeyd edək ki, 102 milyon nəfər əhalisi olan Vyetnama ildə 21 milyondan(!) artıq turist gəlir. Təkcə 2024-cü illə müqayisədə 2025-ci ildə Vyetnama 20 faiz daha çox turist gəlib. Bu, kifayət qədər böyük rəqəmdir və Vyetnama olan marağın təcəssümüdür. Həmin 21 milyon turistin içərisində xeyli sayda azərbaycanlı da var. Təəssüf ki, onların dəqiq sayını rəsmi mənbələrlə müəyyən etmək çətindir. Belə ki, Azərbaycandakı rəsmi turizm şirkətləri vasitəsilə Vyetnama turpaket alan Azərbaycan vətəndaşlarının sayı illik olaraq bir neçə yüz nəfər civarındadır. Lakin reallıqda bir çox azərbaycanlı turist Vyetnama fərdi qaydada (onlayn e-viza və ya üçüncü ölkələr üzərindən tranzit uçuşlarla) səyahət etdiyi üçün real ziyarətçi sayı yerli turagentliklərin hesabatlarında əks olunan rəqəmdən xeyli daha yüksəkdir.

Məlumat üçün onu da bildirək ki, hər iki istiqamətdə səfərlərdə - Azərbaycan və Vyetnam tərəfindən viza tələb olunur. Ancaq hər iki ölkə üçün elektron viza (e-Visa) mövcuddur. Yəni, viza almaq kifayət qədər rahatdır və 3-5 gündən çox vaxt almır.

Beləliklə, azərbaycanlılar üçün Vyetnam nə qədər maraqlıdırsa, böyük əhali sayına və potensiala malik Vyetnam vətəndaşları üçün də Azərbaycan bir o qədər maraqlı ola bilər. Ən azından son bir ildə ölkəmizə gələn vyetnamlıların sayının iki dəfə artması optimizm üçün ciddi əsaslar verir. Lakin digər ölkələrdən olduğu kimi, Vyetnamdan da turist cəlb edilməsi üçün ölkəmizin turizm potensialı, şəraiti, imkanları artırılmalı, Azərbaycanın dilbər guşələri daha çox reklam edilməlidir.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol