Menu

İrəvanın qarşısında hansı tələb var? - Bakının gözlədiyi əsas addım

20.11.2026, 15:02
İrəvanın qarşısında hansı tələb var? - Bakının gözlədiyi əsas addım

Azərbaycan və Ermənistan arasında sülh prosesində əsas mübahisəli məsələlərdən biri olaraq Ermənistan Konstitusiyasına dəyişiklik tələbi gündəmdə qalır. Bakı hesab edir ki, Ermənistanın əsas qanununda Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilən müddəalar aradan qaldırılmadan davamlı sülhün hüquqi təminatından danışmaq mümkün deyil. İrəvan isə Konstitusiyanın dəyişdirilməsini zəruri hesab etmir. 

Bəs Ermənistan bu addımı atmaqdan imtina edərsə, sülh prosesi hansı mərhələyə keçəcək? Tərəflər arasında danışıqlar davam edəcək, yoxsa münasibətlərdə yeni gərginlik yaranacaq? Belə vəziyyət regionda sülh və əməkdaşlıq perspektivlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan politoloq Züriyyə Qarayeva bildirib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməməsi Bakı və İrəvan arasında sülh prosesinin yekun hüquqi rəsmiləşdirilməsi mərhələsini çətinləşdirə bilər: "Rəsmi Bakının mövqeyinə görə, Ermənistanın əsas qanununda yer alan və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilən müddəalar aradan qaldırılmadan davamlı sülhün hüquqi təminatlarından danışmaq çətindir: Ermənistan tərəfi isə mövcud Konstitusiyanın sülh müqaviləsinin imzalanmasına maneə yaratmadığını bildirir. Bu fikir ayrılığı davam edərsə, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq müəyyən istiqamətlər üzrə irəliləsə də, yekun sülh sazişinin imzalanması və ratifikasiyası qeyri-müəyyən müddətə uzana bilər. Belə vəziyyətdə proses tamamilə dayanmaqdan daha çox, siyasi razılaşmaların mövcud olduğu, lakin onların hüquqi baxımdan yekunlaşdırılmadığı mərhələdə qalacaq".

Politoloqun sözlərinə görə, digər tərəfdən, Konstitusiya məsələsinin həllini tapmaması Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə mənfi təsir göstərə bilər: "Xüsusilə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə əldə olunan irəliləyişlərin davamlılığı siyasi münasibətlərin ümumi vəziyyətindən asılı olacaq. Bununla belə, Konstitusiya dəyişikliyinin baş tutmaması avtomatik olaraq yeni hərbi qarşıdurmanın başlanacağı anlamına gəlmir. Tərəflər sülh müqaviləsi imzalanmadan da diplomatik təmasları, sərhəd məsələləri üzrə danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirə bilərlər. Lakin Azərbaycanın əsas tələblərindən biri kimi gündəmdə qalan bu məsələnin həll olunmaması yekun sülhün əldə edilməsində başlıca siyasi maneələrdən biri olaraq qalacaq".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol