Məleykə Abbaszadənin DİM sədri vəzifəsindən çıxarılması və BDU-ya rektor təyin olunması cəmiyyətdə müzakirələrə yol açıb. Sirr deyil ki, uzun illərdir DİM və Təhsil Nazirliyi arasında qəbul imtahanlarının keçirilməsi məsələsində fikir ayrılıqları mövcud olub və problemlər yaşanıb. Nazirlik imtahanların keçirilməsini də öz nəzarətinə almaq istəyib və DİM-i proqramdan kənar imtahan sualları salmaqda günahlandırıb. Əvəzində isə DİM Elm və Təhsil Nazirliyini məktəblərdə təhsil səviyyəsinin aşağı olması ilə günahlandırıb. İndiki məqamda Məleykə Abbaszadənin qurumdan getməsi fonunda DİM-in ləğv olunması və Elm və Təhsil Nazirliyinə birləşdirilməsi məsələsi gündəmə gəlib.
Bəs bu, nə dərəcədə real ola bilər? Əgər DİM ləğv olunaraq Elm və Təhsil Nazirliyinə birləşdirilsə, abituriyentlər üçün nələr dəyişəcək? Ümumiyyətlə, idarəetmədə hansı müsbət və mənfi nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) təkcə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu deyil, həm də dövlət qulluğuna qəbul imtahanlarını həyata keçirən ixtisaslaşmış qurumdur: “Cəmiyyətdə və təhsil ekspertləri arasında DİM-də islahatların ləng aparıldığı ilə bağlı fikirlər səsləndirilsə də, bu dəyişikliklərin hansı istiqamətdə və formada həyata keçirilməli olduğuna dair konkret təkliflər irəli sürülmür. Bir neçə il əvvəl, Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə nazirliklə DİM arasında razılıq əldə edildi və imtahanların iki mərhələdə – buraxılış və qəbul imtahanları formasında keçirilməsi qərara alındı. Bu ideya məhz Mikayıl Cabbarov tərəfindən irəli sürülmüşdü. DİM isə icraçı qurum olaraq bu mühüm islahatı uğurla həyata keçirdi. İki mərhələli imtahan modeli özünü doğrultdu və onun müsbət nəticələri aydın şəkildə göründü.
DİM-in ləğv edilərək Elm və Təhsil Nazirliyinə birləşdirilməsi məsələsinə gəlincə, bunun mümkün və məqsədəuyğun olduğunu düşünmürəm. Vaxtilə yalnız Təhsil Nazirliyinin fəaliyyət göstərdiyi dövrdə həm Milli Məclisdə dəfələrlə bu məsələni qaldırmış, həm də bir sıra məqalələrlə çıxış edərək dünya təcrübəsinə uyğun elm və təhsili birləşdirən vahid nazirliyin yaradılmasını təklif etmişdim. Nəhayət, Prezidentin sərəncamı ilə Elm və Təhsil Nazirliyi yaradıldı. Bu, elm və təhsilin daha dərin inteqrasiyasını təmin etməyə yönələn mühüm və genişmiqyaslı islahat idi. Təəssüf ki, Elm və Təhsil Nazirliyi elm və təhsilin inteqrasiyası istiqamətində hər hansı yeni paradiqma təklif edə bilmədi. Nəticədə bu gün də elmin və təhsilin vəziyyəti əvvəlki kimidir. Belə bir şəraitdə onsuz da böyük olan nazirliyin strukturuna daha bir mərkəzin birləşdirilməsi ilə bağlı fikirlər reallığı əks etdirmir”.

Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi indiki formatda fəaliyyətini davam etdirməlidir: “Məleykə xanım 30 ildən artıqdır ki, bu qurumda rəhbər vəzifədə çalışıb və bu müddət ərzində bir sıra müsbət işlər görüb. Cəmiyyət ümumilikdə DİM-in fəaliyyətindən razıdır. Çünki qurumda şəffaf sistem formalaşdırılıb, həm abituriyentlərin, həm də dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən şəxslərin bilikləri obyektiv və dürüst şəkildə qiymətləndirilir. Məhz bu amil DİM-ə ictimai etimadın yüksək olmasının əsas səbəblərindən biridir.
Müasir dövrdə inkişafın əsas hərəkətverici qüvvələrindən biri universitetlərdir. Ölkənin ən qədim ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində (BDU) isə son illərdə ciddi geriləmələr müşahidə olunub. Universitet Abel Məhərrəmovun və Elçin Babayevin rəhbərliyi dövründə, demək olar ki, tam durğunluq mərhələsi yaşayıb. Universitet rektorları kifayət qədər ziyalı və mütaliəli şəxslər olmalıdırlar. Dost və qohum münasibətlərinin ali məktəbə gətirilməsindən kənar durmalıdırlar. Eyni zamanda, ictimai mənafeyi şəxsi maraqlardan üstün tutmalıdırlar. Təəssüflər olsun ki, sadaladığım bu fikirləri BDU-nun sabiq rəhbərlərinə aid etmək mümkün deyil. Hazırda ən acınacaqlı durum Pedaqoji Universitetdə hökm sürür. Ölkədə müəllim hazırlayan bir ali məktəbin indiki acınacaqlı durumu da diqqət mərkəzində olmalıdır. Hazırkı rektorun bacarıqsızlığı vəziyyətin bu həddə çatmasında böyük rol oynayıb.
Qeyd edim ki, BDU-nun inkişafı üçün mövcud resurslar da kifayət etmir. Müasir laboratoriyaların yaradılması, elmi tədqiqatların genişləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün böyük maliyyə və texniki imkanlar tələb olunur. Məleykə xanımdan əvvəlki rektorların rəhbərliyi dövründə BDU sanki hüquq universitetinə çevrilmişdi. Təsadüfi deyil ki, universitetdə Prezident təqaüdünə layiq görülən 16 tələbənin heç biri təbiət elmləri üzrə təhsil alan tələbələr deyil, onların hamısı hüquq fakültəsinin tələbələridir. Halbuki BDU vaxtilə təbiət elmlərinin əsas mərkəzlərindən biri olub, burada görkəmli alimlər yetişib. Təəssüf ki, bu ənənə hazırda əvvəlki səviyyədə davam etdirilmir.
Məleykə Abbaszadə universitetin heç də yaxşı vəziyyətdə olmadığı bir dövrdə rektor təyin olunub. BDU-da həllini gözləyən kifayət qədər ciddi problemlər var. Bununla belə, onun iradəsinə, xarakterinə və biliyinə bələdəm, uzun illərdir fəaliyyətini izləyirəm. Universitetdə irəliləyişə nail olmaq üçün atacağı addımlarla bağlı müəyyən nikbinliyim var və onun uğur qazanacağına ümid edirəm”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, rəsmi sərəncam imzalanmalı və normativ-hüquqi aktlar yenidən işlənməlidir: “Bu isə müəyyən vaxt tələb edən prosesdir. Qarşıdakı illərdə belə bir addımın atılması mümkün olsa da, hazırkı mərhələdə bu, real görünmür.
DİM publik hüquqi şəxs statusuna malik müstəqil bir qurumdur və dövlətin vahid imtahan mərkəzi kimi fəaliyyət göstərir. Biz bu qurumun müstəqilliyinin qorunmasının tərəfdarıyıq. Çünki tabelik dəyişikliyi nəzəri cəhətdən mümkün olsa da, imtahanların daha obyektiv və şəffaf keçirilməsi, eləcə də kənar müdaxilələrin qarşısının alınması baxımından DİM-in müstəqil fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Təbii ki, ölkə başçısı tərəfindən müvafiq sərəncam verilə və Nazirlər Kabinetinə dörd-altı ay ərzində lazımi normativ-hüquqi sənədlərin hazırlanması tapşırıla bilər. Lakin nəzərə almaq lazımdır ki, 2027-ci ildə keçiriləcək qəbul imtahanlarının proqramı və qaydaları artıq ictimaiyyətə təqdim olunub. Buna görə də qəbul ediləcək hər hansı yeni qərar növbəti ilin imtahanlarına təsir göstərməyəcək. Struktur və ya format dəyişiklikləri baş verərsə, bu, yalnız 2028-ci ildən etibarən tətbiq oluna bilər.
Ümumilikdə hesab edirik ki, qəbul imtahanı modeli mütləq yenilənməli, format dəyişdirilməli və beynəlxalq təcrübə əsas götürülməlidir. Xüsusilə, imtahan fənlərinin sayı minimuma endirilməlidir. Hazırda altı-yeddi fəndən imtahan verilməsi həm valideynlərin maliyyə yükünü, həm də abituriyentlərin dərs yükünü ağırlaşdırır və qəbul prosesini çətinləşdirir. Prosesi sadələşdirmək üçün imtahan modelində köklü dəyişikliklər zəruridir. Eyni zamanda, məntiqi və hüquqi baxımdan, əgər DİM Elm və Təhsil Nazirliyinin tabeliyinə verilərsə, o zaman nazirliyin keçirdiyi bütün imtahanlar – müəllimlərin işə qəbulu (MİQ), sertifikasiya, fənn olimpiadaları və digər qiymətləndirmə prosesləri də DİM-in səlahiyyətinə verilməlidir”.
Müşviq Tofiqoğlu
"Azpolitik.info"


Şərhlər