Menu

“Yeni dünya nizamını Vaşinqton və Pekin qurur...” - Xaləddin İbrahimlinin ŞƏRHİ

20.11.2026, 18:12
“Yeni dünya nizamını Vaşinqton və Pekin qurur...” - Xaləddin İbrahimlinin ŞƏRHİ

Xəbər verildiyi kimi, noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli təmaslar baş tutub.

“AzPolitika” xatırladır ki, qlobal geosiyasi gərginliklərin və ticarət müharibələrinin davam etdiyi bir dövrdə baş tutan bu görüşlərin yekununda tərəflər qlobal təchizat zəncirlərinin sabitliyinin qorunması, regional təhlükəsizlik çağırışları və böyük güclər arasında kommunikasiya kanallarının açıq saxlanılmasına dair birgə bəyanat qəbul ediblər. Sənəddə iqtisadi əməkdaşlığın genişləndirilməsi və mübahisəli məsələlərin dialoq yolu ilə tənzimlənməsinə dair ümumi niyyətlər əksini tapsa da, sammitin əsas müzakirə mövzusuna çevrilən məqam rəsmi bəyanatdan daha çox, Çinin ABŞ və Rusiya liderlərinə göstərdiyi fərqli diplomatik protokol münasibəti olub.

Tarixçi-alim, professor Xaləddin İbrahimli Şençjen görüşləri zamanı Pekin–Moskva–Vaşinqton üçbucağında baş verən simvolik jestləri və onların arxasında dayanan tarixi paralelləri təhlil edib.

Alimin sözlərinə görə, baş verənləri düzgün oxumaq üçün XIX əsrdə Çar Rusiyasının Çinə qəbul etdirdiyi “qeyri-bərabər müqavilələr”ə və bu gün dəyişən qlobal güc balansına nəzər salmaq lazımdır.

Xaləddin İbrahimli xatırladıb ki, Çinin böyük ərazi itkiləri XIX əsrdə Çar Rusiyası ilə Tsin imperiyası arasında bağlanmış müqavilələr nəticəsində baş verib və Çin tarixşünaslığında bu sənədlərin mühüm hissəsi məhz “qeyri-bərabər müqavilələr” kimi qiymətləndirilir:

1689-cu ilə imzalanmış Nerçinsk müqaviləsi Rusiya ilə Tsin imperiyası arasında ilk böyük sərhəd müqaviləsi idi. Amur hövzəsində Tsin dövlətinin mövqelərini möhkəmləndirdi və sonrakı müqavilələrlə müqayisə üçün mühüm tarixi başlanğıc nöqtəsi sayılır.

Rusiya 28 may 1858-ci ildə imzaladığı Aygun müqaviləsi ilə Çinin zəif vəziyyətindən istifadə edərək Amur çayının sol (şimal) sahilindəki böyük ərazilər üzərində hakimiyyət əldə etdi. Bu, Çinin Rusiyaya qarşı ən ağır ərazi itkilərindən biri idi.

14 noyabr 1860-cı ildə imzalanan Pekin müqaviləsi isə İkinci Tiryək müharibəsi şəraitində əldə edildi. Ussuri çayı ilə Sakit okean arasındakı ərazilər, o cümlədən bugünkü Vladivostokun yerləşdiyi torpaqlar Rusiyanın nəzarətinə keçdi. Nəticədə Çin Yapon dənizinə birbaşa çıxış imkanını itirdi.

1864-cü ildə imzalanan Tarbağatay protokolu Mərkəzi Asiyada Rusiya–Çin sərhədlərini müəyyənləşdirdi və Tsin imperiyası qərb sərhədində əlavə ərazi güzəştlərinə getməyə məcbur oldu.

Sankt-Peterburq müqaviləsi (1881) ilə Rusiya 1871-ci ildə işğal etdiyi İli bölgəsinin böyük hissəsini Çinə qaytarsa da, bəzi qərb ərazilərini özündə saxladı, Çin isə Rusiyaya təzminat ödəməli oldu.

Tarixçi qeyd edib ki, bu müqavilələr nəticəsində Rusiyanın əldə etdiyi ərazilərin ümumi ölçüsü bəzi tarixi tədqiqatlarda təxminən 1,7 milyon kvadratkilometr göstərilir.

Sovet dövründə də Çin–SSRİ sərhəd ziddiyyətləri davam edib və 1969-cu ildə silahlı toqquşmalara səbəb olub. Yalnız 1991-ci ildə başlayan yeni sərhəd razılaşmaları, 2004-cü il əlavə müqaviləsi və 2008-ci ildəki demarkasiya ilə müasir Rusiya–Çin sərhəd mübahisələrinin əsas hissəsi hüquqi baxımdan həllini tapıb.

Professor Xaləddin İbrahimlinin fikrincə, XIX əsrdə Rusiyanın hərbi-siyasi üstünlüyü qarşısında ərazi güzəştlərinə məcbur edilən Çin XXI əsrdə iqtisadi və diplomatik çəkisini artıraraq Rusiya ilə münasibətlərdə artıq daha güclü mövqedən çıxış edir.

Alim bildirib ki, bu tarixi rol dəyişikliyi Şençjendə keçirilən görüşlər zamanı baş verən diplomatik protokol detallarının simvolik təhlilinə də xüsusi məna qazandırır: “18 noyabrda Si Cinpinin Trampı şəxsən hava limanında qarşılaması, Putini isə Çin Kommunist Partiyasının Siyasi Büro üzvlərindən biri olan Tsay Tsinin qarşılaması təsadüfi hadisə deyil...”.

Tarixçi rəsmi foto çəkilişi zamanı yaranan mənzərənin də beynəlxalq şərhçilərin diqqətindən yayınmadığını vurğulayıb. Belə ki, rəsmi fotoda Si Cinpin məhz Donald Trampla yanaşı dayanıb.

Xaləddin İbrahimli hesab edir ki, Şençjen görüşlərində qeydə alınan bu simvolik epizodlar müasir qlobal güc balansının real mənzərəsini ortaya qoyur: “Bu üç epizodun mümkün siyasi mənası belə oxuna bilər: yeni dünya nizamının əsas danışıqlarını Vaşinqton və Pekin aparır, Moskva isə əvvəlki Sovet İttifaqı ilə eyni çəkidə deyil”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol