Azərbaycanın xarici siyasət gündəliyində Cənub-Şərqi Asiya regionunun aparıcı iqtisadiyyatlarından biri olan Vyetnam Sosialist Respublikası ilə əlaqələr xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 19-da Vyetnama başlayan rəsmi səfəri və Hanoyda keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini və iqtisadi əməkdaşlığın əsas istiqamətlərini yenidən gündəmə gətirib. İkitərəfli əlaqələrin strukturunda əmtəə ticarətindəki asimmetriya ilə yanaşı, xam neft tədarükü, nəqliyyat-tranzit daşımaları, bərpaolunan enerji investisiyaları və humanitar minatəmizləmə üzrə əməkdaşlıq əsas yer tutur.
1992-ci ilin sentyabrında diplomatik münasibətlərin qurulmasından sonra əlaqələr ikitərəfli və çoxtərəfli müstəvidə davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ilin mayında Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya rəsmi səfəri, eləcə də dövlət başçısının 2026-cı ilin noyabrında Hanoya rəsmi səfəri siyasi dialoqun davamlılığını göstərir. Səfər çərçivəsində Vyetnamın Baş naziri və Milli Assambleyanın sədri Çan Tan Man ilə aparılan danışıqlarda ikitərəfli münasibətlərin genişləndirilməsi, o cümlədən Vyetnamın Azərbaycanda səfirliyinin açılması kimi məsələlər diqqət mərkəzində olub. Hər iki dövlət BMT və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanan mövqeləri dəstəkləyir.

İki ölkə arasındakı rəsmi gömrük statistikası əmtəə ticarətində Vyetnamın kəskin idxal üstünlüyünə malik olduğunu göstərir. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan ilə Vyetnam arasında ümumi ticarət dövriyyəsi təxminən 153,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 31,5 faiz azdır və dövriyyənin əsas hissəsi Vyetnamdan edilən idxalın payına düşüb.
2026-cı ilin yanvar–sentyabr aylarının göstəriciləri də oxşar strukturun qorunduğunu təsdiqləyir. Həmin 9 ay ərzində Azərbaycan ilə Vyetnam arasında 641 adda məhsul üzrə təxminən 136 milyon dollarlıq ticarət əməliyyatı aparılıb. Bunun 134,9 milyon dolları Azərbaycanın Vyetnamdan idxalının, cəmi 1,1 milyon dolları isə birbaşa gömrük bəyannamələrində əks olunan ixracın payına düşüb.
Vyetnamın qlobal elektronika və yüngül sənaye istehsalı mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın bu ölkədən aldığı malların tərkibini müəyyənləşdirir. İdxalda yüksək texnologiyalı məişət və rabitə cihazları üstünlük təşkil edir.
2026-cı ilin ilk 9 ayında Azərbaycana Vyetnamdan 73 milyon dollar dəyərində 188 min 684 ədəd smartfon gətirilib ki, bu da ümumi idxalın yarıdan çoxuna bərabərdir. Eyni dövrdə səsin, təsvirin və digər məlumatların qəbulu və ötürülməsi üçün 4,9 milyon dollar dəyərində telekommunikasiya və kommutasiya avadanlıqları idxal olunub.

İdxal siyahısına həmçinin paltaryuyan maşınlar, tozsoranlar, qulaqcıqlar, kompüter və ofis avadanlıqlarının hissələri daxildir. Bundan başqa, yüngül sənaye məhsulları (idman və rezin ayaqqabılar, toxuculuq malları, geyimlər) və kənd təsərrüfatı məhsulları (qəhvə, çay, qara istiot, darçın, tropik meyvələr və dəniz məhsulları) Vyetnamdan alınan əsas əmtəələr sırasındadır.
Birbaşa gömrük statistikasında qeyri-neft ixracı kiçik həcmlərlə ifadə olunsa da, enerji sektorunda tədarük rəqəmləri fərqli mənzərə yaradır. Energetika Nazirliyinin məlumatına əsasən, 2023-cü ildən 2026-cı ilin payızınadək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan xam nefti göndərilib. Bu həcmlər əsasən Vyetnamın neft emalı müəssisələrində, o cümlədən "Dung Quat" zavodunda emal olunur.
İllik bir neçə milyon dollar civarında dəyişən qeyri-neft ixracı isə neft-kimya məhsulları, sənaye avadanlıqlarının ehtiyat hissələri, alüminium və kimyəvi birləşmələrin kiçik partiyalarından ibarətdir. Ticarət balansındakı fərqi azaltmaq üçün Azərbaycan məhsullarının Vyetnam bazarına çıxarılması imkanları nəzərdən keçirilir. Xüsusilə, tekstil sənayesində istifadə etdiyi pambığın 99 faizini idxal edən Vyetnam bazarına Azərbaycan pambıq mahlıcının, eləcə də karbamid gübrələrinin, şərab və meyvə şirələrinin ixracı potensial istiqamətlər kimi qiymətləndirilir.
Ticarət dövriyyəsinin şaxələndirilməsi məqsədilə enerji, investisiya və logistika sahələrində yeni layihələr üzərində iş aparılır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Vyetnamın "ROX Group" şirkəti ilə anlaşma memorandumu imzalanıb. Sənəd Bakıda 600 MVt gücündə külək və Naxçıvanda 200 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi imkanlarının araşdırılmasını və inşaat layihələrini əhatə edir. Paralel olaraq, SOCAR və Vyetnamın dövlət neft şirkəti "Petrovietnam" arasında yataqların kəşfiyyatı, neft emalı, neft-kimya və mühəndis-texniki xidmətlər üzrə əməkdaşlıq davam etdirilir.
Nəqliyyat-logistika sektorunda isə Vyetnam yüklərinin Avropa və region bazarlarına daşınmasında Azərbaycan üzərindən keçən Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizinin rolu artır. Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi 2025-ci ildə 200 faizdən çox artmışdısa, 2026-cı ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçib.

Prezident İlham Əliyev 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibədə bu istiqamətlər üzrə mövcud vəziyyəti belə şərh edib: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.
Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək".

İqtisadi layihələrlə yanaşı, müharibədən sonrakı bərpa və humanitar minatəmizləmə də iki ölkə arasında əməkdaşlıq gündəliyinə daxil olan mövzulardandır. Vyetnam 1955–1975-ci illər müharibəsindən sonra ərazisində qalan partlamamış hərbi sursat (PHS) və mina probleminin həlli sahəsində geniş praktiki baza formalaşdırıb. Həmin müharibədən sonra Vyetnam ərazisinin təxminən 20 faizi (6 milyondan çox hektar) minalar və partlamamış sursatlarla (xüsusilə kasetli bombalarla) çirklənmiş, atılan 15 milyon tondan artıq sursatın təxminən 800 min tonu partlamamış qalmışdı.
Vyetnam bu problemin idarə olunması üçün Vyetnam Milli Mina Fəaliyyəti Mərkəzi (VNMAC) adlı dövlət koordinasiya qurumu təsis edib və sıx meşəlik, bataqlıq və dağlıq relyeflərdə axtarış, eləcə də geoinformasiya sistemləri (GIS) vasitəsilə xəritələmə metodikaları hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı minatəmizləmə əməliyyatları aparan Azərbaycan üçün bu təcrübənin öyrənilməsi praktiki əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Vyetnamın müvafiq qurumları arasında əməkdaşlıq üç əsas istiqaməti əhatə edir:
-Mürəkkəb relyefli və sıx bitki örtüklü ərazilərdə (xüsusilə meşəlik massivlərdə) partlamamış sursatların aşkarlanması və zərərsizləşdirilməsi metodikalarının mübadiləsi;
-Vyetnamın minadan zərər çəkmiş vətəndaşların protezləşdirilməsi, tibbi-psixoloji reabilitasiyası və sosial inteqrasiyası üzrə dövlət proqramlarının təcrübəsindən yararlanmaq;
-Azərbaycanın minatəmizləməni Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci milli məqsədi kimi irəli sürməsi fonunda, hər iki ölkənin Qoşulmama Hərəkatı və BMT çərçivəsində humanitar minatəmizləməyə beynəlxalq diqqətin artırılması istiqamətində əməkdaşlığı.
Ümumilikdə, mövcud göstəricilər və imzalanan sənədlər Azərbaycan–Vyetnam münasibətlərinin qarşılıqlı ticarət balansının tənzimlənməsi, enerji və nəqliyyat infrastrukturundan birgə istifadə, eləcə də sahəvi təcrübə mübadiləsi istiqamətində inkişaf etdiyini göstərir.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər