Menu

Təhsildə yeni mərhələ: Azərbaycan 12 illik sistemə keçir?

20.11.2026, 15:42
Təhsildə yeni mərhələ: Azərbaycan 12 illik sistemə keçir?

Azərbaycanda məktəb təhsilinin 11-dən 12 ilə çatdırılması məsələsi təhsil sistemində mümkün islahatlar kontekstində müzakirə olunur. Bir sıra ölkələrdə tətbiq edilən bu model şagirdlərin bilik və bacarıqlarının daha geniş proqram əsasında formalaşdırılmasına, ali təhsilə hazırlığın gücləndirilməsinə və təhsil sənədlərinin beynəlxalq uyğunluğunun artırılmasına xidmət edir. 

Bəs Azərbaycanda belə bir dəyişikliyin tətbiqi nə dərəcədə realdır və 12 illik təhsil sistemi ölkəmizə hansı üstünlükləri qazandıra bilər? Bu keçid təhsilin keyfiyyətini artıracaq, yoxsa əlavə vaxt və maliyyə yükü yaradacaq?

Mövzunu "AzPolitika"ya şərh edən İtaliyanın Politecnico di Torino Universitetinin doktorantı, ADA Universitetinin müəllimi, təhsil eksperti Etibar Vəzirov bildirib ki, Azərbaycanda 12 illik təhsil sisteminə keçid düzgün mexanizm tətbiq olunduğu təqdirdə faydalı islahat ola bilər:

"Lakin hesab edirəm ki, əsas məsələ müddətin artırılması deyil, təhsilin məzmununun və keyfiyyətinin yüksəldilməsidir. Çünki məktəb təhsilinə sadəcə bir il əlavə etməklə daha savadlı və rəqabətqabiliyyətli məzun yetişdirmək mümkün deyil. Avropa ölkələrinin təcrübəsi göstərir ki, 12 illik təhsil modeli şagirdlərin ali təhsilə daha hazırlıqlı başlamasına, ixtisas seçimində şüurlu qərar verməsinə və fundamental biliklərini möhkəmləndirməsinə imkan yarada bilər. Eyni zamanda, bu model Azərbaycanın təhsil sisteminin beynəlxalq standartlarla uyğunlaşmasına və gənclərimizin xarici universitetlərə qəbul imkanlarının genişlənməsinə müsbət təsir göstərər. Fikrimcə, əlavə tədris ili xüsusilə riyaziyyat, xarici dillər, rəqəmsal savadlılıq, süni intellekt texnologiyaları və analitik düşünmə bacarıqlarının inkişafına yönəldilməlidir. Çünki müasir dünyada əmək bazarı yalnız diplomu olan deyil, müstəqil düşünən, problemləri həll etməyi bacaran və texnologiyalara uyğunlaşan mütəxəssislərə ehtiyac duyur".


Ekspertin sözlərinə görə, 12 illik sistemə keçid müəllim hazırlığı, tədris proqramlarının yenilənməsi, məktəb infrastrukturu və əlavə maliyyə xərcləri baxımından ciddi hazırlıq tələb edir:

"Xüsusilə regionlarla paytaxt məktəbləri arasındakı təhsil imkanları fərqinin daha da dərinləşməsinə yol verilməməlidir. Buna görə də belə bir islahat mərhələli şəkildə, pilot layihələr və elmi əsaslandırılan qiymətləndirmələr əsasında həyata keçirilməlidir. Hesab edirəm ki, Azərbaycanın əsas hədəfi sadəcə 12 illik təhsil sisteminə keçmək deyil, hər tədris ilinin şagirdə real bilik və bacarıq qazandırdığı müasir təhsil modeli qurmaq olmalıdır. Təhsilin uğuru məktəbdə keçirilən illərin sayı ilə deyil, məzunun həmin illər ərzində qazandığı kompetensiyalarla ölçülməlidir.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol